Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Ana: Şəfqətin, güvənin və kimliyin ilkin mənbəyi
BAKI, Azərbaycan
Uşaqlığın yaddaşında bəzi səs tonları heç vaxt itməz. Hər insanın içində, çox zaman sözlə ifadə edə bilmədiyi bir səda var – ananın səsi. Bu səs çox zaman “yaxşısanmı?”, “acsan?”, “üşüyürsən?” kimi suallardan ibarətdir, amma mahiyyət etibarilə tək bir şeyi deyir: “Mən buradayam.”
Ana – yalnız bioloji əlaqənin deyil, psixoloji sabitliyin, emosional toxunmanın və şəxsiyyətin ilk təməlini qoyan varlıqdır. Biz dünyaya göz açanda əvvəlcə fiziki deyil, emosional doğuluş yaşayırıq. Ana ilə körpə arasındakı bağ, bir çox hallarda uşağın gələcəkdə insanlara olan münasibətini, özünə inamını, stressə qarşı dözümlülüyünü, hətta sevgi və bağlılıq tərzini müəyyənləşdirir.
Psixoloji nəzəriyyələrdə ana-uşaq münasibəti üzərində dayanan saysız yanaşmalar var. Onlardan ən tanınmışı – Bağlanma nəzəriyyəsi – göstərir ki, uşağın ilk illərində anası (və ya əsas baxıcı) ilə qurduğu münasibət onun emosional dayanıqlılığını formalaşdırır. Təhlükəsiz bağlanma yaşayan uşaq, həyatın daha sonrakı mərhələlərində özünü daha rahat ifadə edir, münasibətlərdə sərhədlərini qoruyur və daxili sabitliyini asanlıqla tapır. Lakin bağlanma pozulduqda, bu, depressiyadan tutmuş şəxsiyyət pozuntularına qədər geniş bir spektrdə özünü göstərə bilər.
Təbii ki, hər ana da bu prosesi problemsiz yaşamır. Analıq həm təbii instinkt, həm də böyük bir psixoloji məsuliyyətdir. Bu gün bizim mərkəzə müraciət edən bir çox qadın doğuşdan sonra yaşadığı depressiyanı, özgüvən sarsıntılarını və özünü “yaxşı ana ola bilməmək” qorxusunu dilə gətirir. Bu, tamamilə normal və insanidir. Çünki analıq – yalnız uşağa baxmaq deyil, özünü yenidən kəşf etmək prosesidir.
Bəzən isə ana obrazı içimizdə yarımçıq və ya zərərverici şəkildə qalır. Bu, ananın fiziki yoxluğu ilə bağlı olmaya da bilər. Emosional soyuqluq, daim tənqid edən və ya öz duyğularını ifadə edə bilməyən bir ana modeli də uşağın gələcək psixikasında izlər buraxa bilər. Belə hallarda insanın içində həmişə tamamlanmamış bir hiss qalır – bəzən buna “ana yarası” deyilir.
Ancaq psixoloji baxımdan ümidverici məqam odur ki, insan keçmişində aldığı hər yaraya şüurlu şəkildə yanaşaraq şəfa tapa bilər. Bəzən bu, öz içində ananı anlamaqla, bəzən isə fərqli qadın fiqurlarından – müəllim, bacı, psixoloq, dost – emosional dəstək almaqla baş verir. Psixoterapiya da bu prosesdə mühüm rol oynayır: “niyə bu qədər tərk edilməkdən qorxuram?”, “niyə içimdəki boşluq hissi getmir?” kimi sualların kökündə çox vaxt ana ilə yaşanmış həll olunmamış duyğular dayanır.
Nəhayət, analıq sadəcə bioloji bir rol deyil, bir münasibət formasına çevrilən psixoloji bir məkandır. Kimimiz bu məkanı sevgi ilə xatırlayırıq, kimimiz isə onu hələ də öz içimizdə inşa etməyə çalışırıq.
Əgər siz də öz həyatınızda bu mövzuda qarışıq hisslər yaşayır, öz ana modelinizi dərk etməyə çalışırsınızsa, bu, zəiflik deyil – bu, şüurlu şəkildə sağalmaq istəyidir.
Unutmayaq: Daxili uşağımızı qucaqlaya bilən hər yetkin, eyni zamanda öz içindəki ananı da yetişdirə bilər.
.
Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com
-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-