?>

OKP-nin psixoloji təhlili və müasir müalicə yanaşmaları

Psixoloq M. Almara Ağaqızı

2 ay önce

Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;

OKP-nin psixoloji təhlili və müasir müalicə yanaşmaları

BAKI, Azərbaycan

Obsessiv-Kompulsiv Pozuntu (OKP) — psixiatriyada geniş yayılmış və həyat keyfiyyətinə ciddi təsir göstərən psixi pozuntudur. Dünya üzrə əhalinin təxminən 2–3%-ində rast gəlinən bu diaqnoz, insanın təkrar-təkrar meydana çıxan, istəmədiyi halda təkrarlanan düşüncələr (obsessiyalar) və bu düşüncələrin yaratdığı narahatlığı azaltmaq üçün icra etdiyi davranışlarla (kompulsiyalar) xarakterizə olunur [APA, 2013]. Sayrışan hallar nevrozu kimi də tanınan bu pozuntu təkcə fərdin gündəlik həyatını deyil, həm də onun sosial, emosionalfunksional rifahını əhəmiyyətli dərəcədə poza bilir.

OKP-nin patogenezi və psixoloji mexanizmləri

OKP-nin yaranmasında bioloji, psixoloji və sosial faktorların kompleks qarşılıqlı təsiri mövcuddur. Neyrobioloji baxımdan, bu pozuntunun beyində serotonin balanssızlığı, xüsusilə orbitofrontal korteks, anterior singulat və bazal qangliya sistemlərində funksional dəyişikliklərlə əlaqəli olduğu sübut olunmuşdur [Saxena & Rauch, 2000]. Bu bölgələr qərarvermə, emosional tənzimləmədavranışların planlaşdırılması kimi proseslərdə iştirak edir.
Psixodinamik yanaşmalar isə OKP-nin daxili konfliktlərin və bastırılmış impulsların xarici davranış formalarına çevrilməsi nəticəsində ortaya çıxdığını irəli sürür. Koqnitiv nəzəriyyələrə görə isə, obsesiv düşüncələr şəxs tərəfindən qeyri-real və təhlükəli qiymətləndirilir və bu təhdidə qarşı kompulsiv davranışlar inkişaf edir [Salkovskis, 1985].

Obsesiyalar və kompulsiyalar: təsnifat və klinik görünüş

OKP-nin əsas klinik xüsusiyyətləri iki komponentdən ibarətdir:
Obsesiyalar: İstənilməyən, narahatedici və təkrarlanan düşüncələr, görüntülər və ya impulslar. Məsələn: “Əllərim çirklidir və mikroblarla doludur”, “Evi kilidlədimmi?” və s.
Kompulsiyalar: Narahatlıq doğuran bu düşüncələrə cavab olaraq yaranan təkrarlanan davranışlar və ya zehni aktlar. Məsələn: əllərin yuyulması, qapının dəfələrlə yoxlanılması, içində dua oxumaq və ya simmetrik düzülüşə nail olmaq cəhdləri.
Bu davranışlar fərd tərəfindən qeyri-məntiqi olaraq qəbul olunsa da, obsesiyaların doğurduğu narahatlıq hissini azaltmaq üçün icra edilir. Nəticədə isə düşüncə-davranış dövrü yaranır və zamanla fərdin həyatına ciddi müdaxilə edir.

OKP-nin psixososial fəsadları

Uzunmüddətli OKP simptomları bir çox psixoloji və sosial fəsadlara səbəb ola bilər:
Depressiya: İxtiyarsız düşüncə və davranışların yaratdığı ümidsizlik və qapanmışlıq hissi depressiv simptomlarla nəticələnə bilər.
Təşviş pozuntuları: OKP əksər hallarda ümumiləşdirilmiş təşviş pozuntusu və ya panik ataklarla müşayiət olunur.
Sosial təcrid və funksional çatışmazlıq: Davamlı davranış ritualı fərdin ailə, dost və iş mühitində təcrid olunmasına və funksional itkilərə səbəb ola bilər.

Müasir müalicə yanaşmaları

OKP-nin müalicəsi çoxşaxəli yanaşma tələb edir və əsasən iki istiqamət üzrə aparılır: farmakoterapiya və psixoterapiya.

1) Farmakoterapiya

Selektiv serotonin geri alım inhibitorları (SSRI): Fluoksetin, sertralin, fluvoksamin və s. kimi dərmanlar obsesiv düşüncələrin intensivliyini azaltmaq üçün ilk seçim preparatlarıdır [Stein et al., 2007]. Yüksək dozada və uzunmüddətli istifadə tələb oluna bilər.
Atypik antipsixotiklər: Şiddətli və ya SSRI-yə cavab verməyən hallarda risperidon, aripiprazol kimi antipsixotiklər əlavə edilə bilər.

2) Koqnitiv-Davranış Terapiyası (KDT)

KDT, xüsusilə məruz qoyma və reaksiya qarşısının alınması (ERP) texnikası, OKP-nin qızıl standart müalicə metodudur. ERP zamanı şəxs narahatlıq doğuran situasiyalara mərhələli şəkildə məruz qoyulur və kompulsiv reaksiya verməməsi üçün dəstək alır. Bu üsul zamanla obsesiv düşüncələrə qarşı duyarsızlaşma yaradır və davranış dövrəsi qırılır [Foa et al., 2005].

Proqnoz və ümidverici perspektivlər

OKP uzunmüddətli və relaps meyilli pozuntu olsa da, erkən müdaxilə və ardıcıl terapiya ilə əlamətlərin əhəmiyyətli dərəcədə azalması mümkündür. Müalicəyə uyğun cavab verən pasiyentlər normal həyat fəaliyyətinə qayıda bilir və funksional rifahlarını bərpa edirlər.
Ən önəmlisi isə – bu pozuntu ilə yaşamaq məcburiyyəti yoxdur. Dəstək almaq, terapiyaya açıq olmaq və müalicəyə səbirli yanaşmaqla OKP-nin həyat üzərindəki təsirini minimuma endirmək mümkündür
Obsessiv-Kompulsiv Pozuntu sadəcə narahatlıq pozuntusu deyil, insanın düşüncə və davranış azadlığını məhdudlaşdıran ciddi bir psixi vəziyyətdir. Neyrobioloji, koqnitiv və emosional faktorların təsiri ilə formalaşan bu pozuntunun müalicəsi kompleks və mərhələli şəkildə həyata keçirilməlidir. Tibbipsixoloji yanaşmaların birgə tətbiqi nəticəsində OKP ilə yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsi mümkündür.

.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-

YAZARIN DİĞER YAZILARI