Ənənəvi dəyərlərin uşaqların psixoloji sağlamlığına təsiri
BAKI, Azərbaycan
Azərbaycan ailələrində uşaqların tərbiyəsi çox vaxt ictimai gözləntilər və mədəni normalarla müəyyən edilir. Bu tərbiyə modeli bəzi hallarda uşaqların psixoloji və emosional inkişafına mənfi təsir göstərə bilər.
Fiziki cəza və sərt tərbiyə üsulları
Xüsusilə kənd yerlərində uşaqlara qarşı sərt tərbiyə və fiziki cəza üsullarından istifadə geniş yayılıb. Bəzi valideynlər və nənə-babalar fiziki cəzanı tərbiyənin vacib hissəsi kimi qəbul edirlər. Lakin bu cür yanaşma uşağın özünə hörmət və özünə inam hissini zəiflədir. Belə uşaqlarda qorxu, gərginlik və depressiya hallarına tez-tez rast gəlinir. Fiziki cəzanın uzunmüddətli təsiri aşağı özünəqiymət, aqressiv davranış, stress və gələcəkdə münasibət qurmaqda çətinlik kimi özünü göstərə bilər.
“Güclü olmalısan” təzyiqi
Ənənəvi tərbiyə modelində uşaqlara tez-tez “güclü olmalısan”, “kiçik şeylərə görə narahat olma” kimi mesajlar verilir. Bu isə onların emosional ehtiyaclarının inkar olunmasına gətirib çıxarır. Hisslərini ifadə etməyə icazə verilməyən uşaqlar özlərinə qapanır və problemləri ilə müstəqil şəkildə mübarizə aparmaqda çətinlik çəkirlər. Nəticədə bu yanaşma onların sosial münasibətlərində və gələcək psixoloji durumlarında mənfi izlər buraxa bilər.
Ənənəvi gender rolları və onların təsiri
Cəmiyyətin qız və oğlan uşaqlarına fərqli yanaşması da psixoloji sağlamlığa təsirsiz ötüşmür. Oğlan uşaqlarından “güclü olmaq”, hisslərini gizlətmək, qız uşaqlarından isə “zərif” və “itaətkar” davranmaq tələb olunur. Bu stereotiplər uşaqların emosional inkişafını məhdudlaşdırır, özlərini ifadə etmək imkanlarını zəiflədir və onlarda mənfi emosional yüklənmələrə səbəb olur.
Müasir psixoloji yanaşmalar və alternativ tərbiyə modelləri
Ənənəvi tərbiyə üsullarının yaratdığı mənfi təsirlər fonunda müasir psixoloji yanaşmalar uşaqların emosional və sosial inkişafına daha çox diqqət yetirir.
Emosional dəstək və açıq ünsiyyət
Müasir psixologiya uşaqların hisslərini açıq ifadə etmələrini, onların duyğularına hörmətlə yanaşılmasını və anlayışlı münasibət göstərilməsini tövsiyə edir. Bu, uşaqlarda özünə hörmət və özünü ifadə bacarığını inkişaf etdirir, eyni zamanda stress və narahatlıqla daha sağlam şəkildə baş etmələrinə şərait yaradır.
Müsbət tərbiyə yanaşması
Müsbət tərbiyə metodu sərt cəzalardan imtina edərək, düzgün davranışların təşviqi və öyrədilməsi üzərində qurulur. Uşaqlara məsuliyyət hissi aşılanır və davranışlarının nəticələrini anlamaq bacarığı formalaşdırılır. Bu yanaşma, uşaqların müstəqil düşünmə və qərarvermə bacarıqlarını inkişaf etdirir.
Ənənəvi ilə müasir yanaşmaların uzlaşdırılması
Cəmiyyətdə həm ənənəvi dəyərləri, həm də müasir psixoloji yanaşmaları bir arada tətbiq etmək mümkündür. Məsələn, uşaqlara milli-mənəvi dəyərlərə hörmət öyrədilməklə yanaşı, onların şəxsi sərhədlərinə, hisslərinə və fərdiliyinə də hörmət edilməlidir. Bu, uşaqların sağlam və balanslı şəxsiyyət kimi formalaşmasını təmin edir.
.
Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com
-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-