Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Rəqəmsal asılılıq və sosial medianın psixoloji təsiri
BAKI, Azərbaycan
Müasir dövrdə texnologiyanın həyatımıza sürətli inteqrasiyası bir tərəfdən yeni imkanlar və ünsiyyət platformaları yaratsa da, digər tərəfdən fərdlərin psixoloji sağlamlığına ciddi təsirlər göstərir. Bu təsirlər arasında ən çox yayılmış və narahatlıq doğuran problemlərdən biri rəqəmsal asılılıq və sosial mediaya qarşı inkişaf edən emosional bağlılıqdır.
Son illər ərzində sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, fərdlərdə bu platformalardan istifadəni təkcə informasiya əldə etmək vasitəsi kimi deyil, həm də emosional ehtiyacların qarşılandığı bir sığınacaq kimi qəbul etməyə səbəb olub. Psixoloji müşahidələr göstərir ki, bu cür asılılıq formaları fərdi gündəlik həyatın idarəsindən uzaqlaşdırmaqla yanaşı, emosional tarazlığın pozulmasına və özünə münasibətin dəyişməsinə də səbəb olur.
Sosial media və emosional tənzimləmə
Rəqəmsal asılılıq təkcə ekran qarşısında sərf olunan vaxtla deyil, həm də fərdin daxili ehtiyaclarının sosial mediada qarşılanmasına yönəlməsi ilə xarakterizə olunur. Sosial media bir çox insanlar üçün stres, darıxma və təkliyin öhdəsindən gəlmək üçün “emosional tənzimləyici” vasitəyə çevrilib. Lakin bu müvəqqəti rahatlama hissi zamanla vərdiş halını alır və nəhayət psixoloji asılılığa çevrilir.
Sosial medianın təsir mexanizmlərindən biri də beyindəki mükafat sisteminə təsir etməsidir. “Bəyənmə”lər, rəylər və paylaşımlar nəticəsində dopamin ifrazı artır və bu da qısa müddətli xoşbəxtlik hissi yaradır. Lakin bu hiss fərdi daha çox təsdiq axtarışına yönəldir. Nəticədə insanlar öz həyatlarını başqalarının sosial mediada təqdim etdikləri süni həyat şəkilləri ilə müqayisə etməyə başlayırlar. Bu isə tez-tez natamamlıq hissi, dəyərsizlik duyğusu və özünə güvənsizliyin artması ilə nəticələnir.
Yeniyetmələr və gənclər daha risk altındadır
Sosial medianın təsirləri ən çox yeniyetmə və gənclər arasında müşahidə olunur. Bu yaş dövrləri insanın kimlik formalaşdırdığı, özünü ifadə etməyə və qəbul olunmağa ehtiyac duyduğu bir mərhələdir. Virtual dünyada təsdiq alma ehtiyacı bəzən real “mən”i kölgədə qoyaraq, fərdi süni davranış modellərinə sürükləyir. Bu isə özgüvənin zəifləməsinə, özünü dərk etməkdə çətinliklərə və şəxsiyyət pozuntularına gətirib çıxara bilər.
Ailə münasibətlərinə təsiri
Rəqəmsal asılılığın psixoloji təsiri təkcə fərdi deyil, ailədaxili münasibətləri də əhatə edir. Ailə üzvləri ekran qarşısında daha çox vaxt keçirdikcə, qarşılıqlı ünsiyyət azalır, emosional bağlar zəifləyir. Valideyn-övlad münasibətlərində laqeydlik, həyat yoldaşları arasında isə yaxınlıq və anlaşma azalır. Bu vəziyyət bəzi hallarda ailədaxili konfliktlərin dərinləşməsinə və emosional uzaqlaşmaya səbəb olur.
Həll yolları və psixoloji yanaşma
Mövcud vəziyyət göstərir ki, texnologiya ilə münasibətimizə yenidən baxmaq zəruridir. Texnologiyanı həyatımızdan çıxarmaq mümkün və ya məqsədəuyğun deyil. Əksinə, əsas məsələ ondan şüurlu və tənzimlənmiş şəkildə istifadə etməkdir. Sosial media həyatın özü deyil, onun kiçik bir parçasıdır.
Sağlam rəqəmsal münasibət qurmaq üçün aşağıdakı strategiyalar tövsiyə olunur:
* Gündəlik sosial media istifadəsinə məhdudiyyətlər qoymaq;
* Sosial media bildirişlərini deaktiv etmək;
* Həftəlik və ya aylıq “rəqəmsal detoks” günləri təyin etmək;
* Sosial ehtiyacların mümkün qədər real münasibətlər vasitəsilə qarşılanmasına çalışmaq;
* Zərurət olduqda psixoloji dəstək almaq.
Əgər fərd artıq sosial medianın təsirindən qurtula bilmirsə və ondan uzaq qalmaq narahatlıq yaradırsa, bu zaman psixoloq müdaxiləsi vacib və faydalı ola bilər.
Unutmamalıyıq ki, sosial mediaya nəzarət etmədikdə, o bizi idarə etməyə başlayır. Texnologiya məqsəd deyil – vasitədir. Həyatın həqiqi dəyəri isə virtual təsdiqlərdən deyil, real münasibətlərdən, daxili dinclikdən və özünə olan sevgi və hörmətdən qaynaqlanır.
.
Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com
-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-