Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Uşağın daxili aləminə açılan qapı: Oyun
BAKI, Azərbaycan
Psixoloq kimi uzun illərdir müşahidə etdiyim bir həqiqət var: oyun, uşaqların duyğu dünyasına açılan ən səmimi və təsirli qapılardan biridir. Uşağın danışmadığı, ifadə edə bilmədiyi, bəzən özü də tam anlamadığı hiss və düşüncələr məhz oyun mühitində öz təbii formasında üzə çıxır. Bu səbəbdən, oyun sadəcə əyləncə vasitəsi deyil — o, uşağın mənəvi vəziyyətini, psixoloji ehtiyaclarını, münasibətlərə baxış bucağını anlamaq üçün mühüm bir diaqnostik alətdir.
Əslində, oyun zamanı uşaq yalnız fantaziyasını deyil, eyni zamanda həyatdakı müşahidələrini, keçirdiyi emosiyaları və sosial rolları da canlandırır. Oyun onun üçün bir növ ifadə platformasıdır. Məsələn, sakit görünən bir uşaq, oyunda aqressiv davranışlar sərgiləyə bilər; bu isə onun içində toplanan emosional yüklənmənin siqnalı ola bilər. Həmin anlarda oyun terapevtik bir funksiyanı da yerinə yetirir — uşaq içindəki gərginliyi sözsüz, amma təsirli şəkildə ifadə edir.
Valideynlər və mütəxəssislər bilməlidirlər ki, uşaq oyun zamanı daim özünü ifadə etmir. Bəzən gördüyü davranışları təqlid edir, böyüklərin sözlərini olduğu kimi təkrarlayır. Amma bu təqlid belə passiv proses deyil — uşaq duyğularını bu təqlidlərin içinə yerləşdirir. Yəni uşaq, yalnız gördüyünü deyil, gördüyünü necə hiss etdiyini də göstərir. Bu baxımdan təqlid də onun şəxsiyyətinin formalaşmasında vacib mərhələlərdən biridir.
Misal üçün, əgər uşaq oyunda “ana” və “ata” rollarını canlandırırsa və burada sərt, əmrverici ton istifadə edirsə, bu, evdə tez-tez bu üslubun şahidi olduğuna işarə ola bilər. Əgər tez-tez “xəstə” roluna girirsə, bu onun diqqətə ehtiyac duyduğunu göstərir. Oyunda davamlı olaraq “komandir”, “müəllim” və ya “müdir” olmaq istəyirsə, bu, liderlik xüsusiyyətlərinin formalaşmaqda olduğunu göstərə bilər. Bu kimi detallar valideynlər üçün ipucu rolunu oynamalıdır.
Digər maraqlı nüans ondan ibarətdir ki, oyun uşağın sosial münasibətlərə olan münasibətini də əks etdirir. Qardaşını qısqanan bir uşaq, bunu birbaşa dilə gətirməyə bilər. Amma gəlinciyinə sərt davranması, yaxud qardaşına oxşayan oyuncağı “cəzalandırması” bu qısqanclığın dolayısı ilə ifadəsidir. Bəzən isə uşaq oyunda valideynin davranışını təqlid edərək ona qarşı yığılan incikliyi, narazılığı dolayısı ilə “oynayaraq” ifadə edir.
Bu baxımdan biz psixoloqlar üçün oyun sadəcə müşahidə obyekti deyil, həm də bir növ təhlil və müdaxilə mühiti yaradır. Uşağın oyun zamanı seçdiyi rollar, istifadə etdiyi cümlə formaları, mimika və jestləri onun daxili aləmi barədə dəyərli məlumat verir. Bu səbəbdən, xüsusilə 2-10 yaş aralığında uşaqlarla çalışan mütəxəssislər və valideynlər oyun prosesini diqqətlə izləməli, nəticələrini isə səbir və anlayışla təhlil etməlidirlər.
Nəhayət, vurğulamaq istərdim ki, oyun uşağın inkişafında mühüm bir “güzgü” funksiyasını daşıyır. Uşaq bu aynaya baxaraq özünü tanıyır, biz isə bu aynaya baxaraq onu daha yaxşı başa düşürük. Ona görə də, valideynlər və tərbiyəçilər olaraq biz yalnız uşaqla oynamaqla kifayətlənməməli, eyni zamanda onun oyununa qulaq asmalı, onu oxumağı öyrənməliyik.
.
Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com
-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-