Uşaqların bacarıqlarına uyğun vəzifələr
BAKI, Azərbaycan
Ailədə harmoniyanın və birlik ruhunun qorunub saxlanılması üçün hər bir üzvün üzərinə düşən vəzifələri yerinə yetirməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə də evin təmiz və səliqəli qalması yalnız fiziki deyil, psixoloji və sosial rifahın qorunmasına da xidmət edir. Ailə mühitində hər kəsin –o cümlədən uşaqların– gündəlik işlərə cəlb olunması həm məsuliyyət hissinin formalaşmasına, həm də əməkdaşlıq mədəniyyətinin inkişafına təkan verir.
Bu yazıda uşaqların yaş və inkişaf səviyyələrinə uyğun ev tapşırıqlarının müəyyənləşdirilməsi, bu prosesdə istifadə olunan psixoloji yanaşmalar və tərbiyəvi təsirləri nəzərdən keçirilir.
Ev işlərində iştirakın psixososial əhəmiyyəti
Tədqiqatlar göstərir ki, uşaqlar kiçik yaşlardan etibarən gündəlik işlərə cəlb olunduqda onların özünəinamı, müstəqilliyi və qərarvermə bacarıqları daha sürətli inkişaf edir (Steinberg, 2016). Eyni zamanda, bu proses uşaqların ailənin funksional üzvü olduqlarını dərk etmələrinə kömək edir. Ev işlərini yerinə yetirmək, onlar üçün təkcə fiziki fəaliyyət deyil, həm də sosial öyrənmə fürsətidir.
Lakin bu təcrübənin faydalı olması üçün tapşırıqların uşağın yaşına və bacarıqlarına uyğun şəkildə verilməsi vacibdir. Həddindən artıq mürəkkəb və ya yorucu tapşırıqlar motivasiya əvəzinə qarşıdurma və tənqid yarada bilər.
Uşaqlarda əməkdaşlıq və məsuliyyət hissinin formalaşdırılması
Uşağa ev işi tapşırarkən onun yaş xüsusiyyətləri və psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır. 2-4 yaş arası uşaqlara oyuncaqları yığmaq və ya mətbəxə sadə əşyalar aparmaq kimi tapşırıqlar vermək həm onların məsuliyyət hissini oyadır, həm də motor bacarıqlarını inkişaf etdirir.
5-7 yaş arası uşaqlar artıq yataq yığmaq, masanı silmək kimi nizam-intizam tələb edən işləri yerinə yetirə bilər. 8 yaşdan etibarən isə daha müstəqil və məqsədyönlü tapşırıqlara cəlb olunmaları tövsiyə edilir. Bu mərhələdə uşaqlar artıq əmək bölgüsü və nəticə məsuliyyəti barədə ilkin anlayışlara malik olurlar.
Cəza və mükafat sisteminin təsirləri
Psixoloji tədqiqatlar göstərir ki, cəza və mükafat sistemləri ilə motivasiya yaratmaq qısamüddətli effektivlik versə də, uzunmüddətli daxili motivasiyanın formalaşmasına mənfi təsir göstərə bilər (Deci & Ryan, 2000). Uşaqlarda daxili motivasiyanı formalaşdırmaq üçün onların göstərdiyi səylərin dəyərləndirilməsi, təşəkkür və şifahi təqdir daha sağlam üsul hesab olunur.
Valideynlər ev işlərini “mükafat qazanmaq üçün vasitə” kimi deyil, birgə əməkdaşlıq və ailəyə töhfə vermək imkanı kimi təqdim etməlidirlər. Bu yanaşma uşaqlarda həm ailəyə bağlılıq, həm də sosial məsuliyyət hissini gücləndirir.
Yaşa uyğun tapşırıq nümunələri
Aşağıdakı siyahı uşaqların yaş qrupuna əsasən ev işlərinə necə cəlb olunacaqlarına dair praktik tövsiyələr təqdim edir:
2–4 yaş
Oyuncaqları yığmaq
Sadə əşyaları yerinə qoymaq
Qaşıq-çəngəl daşımaq
5–7 yaş
Yatağını yığmaq
Masanı silmək
Kirli paltarları səbətə qoymaq
8–10 yaş
Evi süpürmək
Paltar qatlamaq
Dibçək güllərinə su vermək
10–12 yaş
Paltarları ayırmaq və paltaryuyan maşına yerləşdirmək
Toz almaq
Ev üçün siyahı hazırlamaq
12 yaş və yuxarı
Ütü işləri
Yemək bişirməyə kömək
Maşının yuyulmasında iştirak
Uşaqların ev işlərinə cəlb edilməsi onların yalnız əmək vərdişləri deyil, həm də şəxsiyyət və sosial bacarıqlarının inkişafı baxımından mühüm bir addımdır. Bu prosesə psixoloji yanaşma ilə yanaşıldıqda, uşaqlar ev işlərini sadəcə vəzifə deyil, ailəyə bağlılıq və birlik hissinin göstəricisi kimi qəbul etməyə başlayırlar.
Əgər valideynlər bu prosesdə anlayışlı, ardıcıl və müsbət yanaşma nümayiş etdirərlərsə, uşaqlarda həm məsuliyyət hissi, həm də özünəinam inkişaf etmiş olacaq – bu da onların gələcək həyatlarında daha müstəqil və cəmiyyətə faydalı fərdlər kimi formalaşmalarına zəmin yaradacaq.
.
Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com
-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-