Hər şeyi tez bitirmək – Zamanın tələsik itirdikləri

BAKI, Azərbaycan

Müasir insanın həyatı sürətlə axan bir seli xatırladır. Sanki hər kəs bir yerə tələsir, amma hara getdiyini dəqiq bilmir. Bu tələskənlik təkcə fiziki hərəkətlərdə yox, həm də duyğularda, münasibətlərdə və ümumiyyətlə həyata yanaşmada özünü göstərir. Artıq insanlar hər şeyə ani maraqla yanaşır, gözləməyi, formalaşdırmağı, qorumağı isə unudurlar. Nə qədər təəssüf doğurucu olsa da, sevdiyimiz insanları, dəyərləri, hissləri və hətta özümüzü belə tez-tez və səbirsizcəsinə tələf edirik.

Sevgi — bu gün ən çox sərf edilən, amma ən az yaşanılan duyğulardan birinə çevrilib. Sevgi artıq qarşılıqlı hörmət, bağlılıq, səbr və anlayış üzərində qurulmur. Bir çox insan sevginin məsuliyyətini daşımağa deyil, ondan zövq almağa tələsir. Halbuki sevgi elə bir dəyərdir ki, onu yaşamaq üçün zaman, əmək, fədakarlıq lazımdır. Amma nə qədər qəribə səslənsə də, indi insanlar daha çox “sevdiyini” tez tapır, tez yaxınlaşır və bir o qədər də tez uzaqlaşır. Sevgi də texnologiya kimi sürətli istehlaka məruz qalır — bir gün sevilir, növbəti gün unudulur. İnsanlar bir-birini dinləmədən, anlamadan, birgə yol keçmədən münasibətlərə son verirlər. Çünki artıq “qorumaq” deyil, “dəyişmək” daha rahat görünür.

Təəssüf ki, bu tez tükənmə meyli təkcə münasibətlərə aid deyil. Oxuduğumuz kitablar belə yarımçıq qalır, çünki bir səhifədən sonra maraq azalır. Bəyəndiyimiz musiqilər belə uzun müddət dinlənilmir, çünki bir neçə dəfə eşidəndən sonra “köhnəlmiş” sayılır. Əldə etdiyimiz əşyalar isə bir müddət sonra artıq bizə darıxdırıcı gəlir, yenisini arzulayırıq. Yeməkləri belə dadına varmadan yeyirik, baxdığımız filmləri sonuna çatmadan dəyişdiririk. Hər şey tez başlayır və tez bitir. Həyatın ritmi sürətləndikcə, insanın içindəki dərinliklər səthə çəkilir, az qala yox olur.

Bu tələsik həyat tərzi bizi nəinki yorur, həm də mənəvi olaraq boşaldır. İnsanın içindəki səbr, diqqət, anlayış, minnətdarlıq kimi duyğular kölgəyə çəkilir. İndi insanlar bir-birinə “nə qədər faydalıdır” gözü ilə baxır. Kiminsə yanında qalmağa səbəb axtarmaq yerinə, ayrılmaq üçün bəhanə tapılır. Münasibətlərin dəyəri uzunömürlülüyündə yox, ani hisslərin intensivliyində axtarılır. Halbuki əsl bağlar zamanla möhkəmlənir. Sınaqlardan çıxan, həyatın çətinliklərinə sinə gərən münasibətlərdir dəyərli olan. Amma indi az adam bu çətinliklərə tab gətirmək istəyir. Daha çox insan sakitlik yox, rahatlıq axtarır — və çox vaxt da bu rahatlığı dəyərləri sərf edərək əldə etməyə çalışır.

Sual yaranır: niyə belə tələsirik? Bəlkə də səbəb içimizdəki boşluğu tez bir şəkildə doldurmaq istəyidir. Bəlkə də davamlı yenilik axtarışı, xoşbəxtliyin yalnız yeni bir şeydə gizləndiyinə inam bizi bu duruma salır. Amma unutduğumuz bir həqiqət var — hər yeni şeyin cazibəsi köhnəldikcə yox olur, dəyər isə zamanla yaranır. Ən böyük dəyərlər zamana, səy göstərməyə və fədakarlığa ehtiyac duyur.

Bu gün əlimizdə olanları dəyərləndirməyi, qorumağı, yaşatmağı öyrənməsək, sabah heç nəyi əlimizdə saxlamayacağıq. Bu, yalnız münasibətlərə yox, həyata da aiddir. Çünki biz zamanla deyil, tələskənliklə hərəkət etdikcə, nəticələr də dərin yox, səthi olacaq. Əlimizdə olan gözəllikləri doyunca yaşamaq, duyğulara vaxt vermək, insanlara qarşı səbirli və diqqətli olmaq – bu, həyatın əsl mahiyyətidir.

Unutmayaq ki, hər şeyin tez bitməsi, bizə zaman qazandırmır — sadəcə bizi dəyərsizləşdirir. Biz dəyərləri tez xərclədikcə, zamanla onların yerini heç nə ilə doldura bilmədiyimizi görəcəyik. Həyatın gözəlliyi onu tələsmədən, şüurlu və dərin şəkildə yaşamaqdadır. Sevgini, anlayışı, münasibətləri qorumaq – bu, yalnız başqalarına deyil, özümüzə də hörmətdir. Öz iç dünyamıza, yaşadıqlarımıza, seçdiklərimizə verdiyimiz dəyər, əslində kim olduğumuzu müəyyən edir.

Əgər bir az dayanıb baxsaq, bəlkə də anlayarıq: tələsmək bizi irəli aparmır, əksinə, bizi özümüzdən uzaqlaşdırır. Bəzən həyatın ən gözəl anları, səbr etdiyimiz, gözlədiyimiz və qoruduğumuz anların içində gizlənir.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-

-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-