USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Niderlandda Vüqar Abbasov... Azərbaycan diasporunun görünən üzü, yaxud bu iş necə qurulmalıdır?..

Niderlandda Vüqar Abbasov... Azərbaycan diasporunun görünən üzü, yaxud bu iş necə qurulmalıdır?..
18-12-2022

-Vüqar Abbasov-

BAKI, Azərbaycan

“Qazan dedi dibim “qızıldı”, çömçə dedi, gəzib gəlmişəm”. Azərbaycan diasporunun görünən üzü...

İmmiqrant icmalarının sürətlə artması və onların institutlaşması bizi bəşəriyyətin inkişafı ssenarilərindən biri kimi “dünyanın diasporlaşması” haqqında danışmağa məcbur edir.

Bu proses bu və ya digər şəkildə dərinləşir və getdikcə daha çox yeni formalar alır.

Zaman keçdikcə, diasporun rolu və təsiri artır. Aparılan müzakirələr, həyata keçirilən proseslər bu dəyişən fenomenin öyrənilməsində nə qədər boşluğun olduğunu göstərir.

-Diaspor fəaliyyəti necə olmalıdır?

Niderlandda yaşayan jurnalist, “Connect” təşkilatının sədri Vüqar Abbasov müsahibəni təqdim edirik:

- Vüqar bəy, siz uzun illərdir ki, Niderlandda yaşayırsınız. Eyni zamanda “Connect” təşkilatının sədrisiniz. Bir qədər Niderlanddakı fəaliyyətləriniz haqqında məlumat almaq istərdim.

- Buradakı fəaliyyət illərimdə dəfələrlə yerli siyasətçilərlə, yerli deputatlarla, müxtəlif partiyaları təmsil edən şəxslərlə, jurnalistlərlə və s. çoxsaylı görüşlərim olub. 

Onların bir çoxundan bir jurnalist olaraq, həm də Azərbaycan mətbuatı üçün müsahibələr almışam. Diaspor fəaliyyətini izləyən oxucular bilməmiş olmaz ki, mən burada həmçinin jurnalist kimi fəaliyyət göstərmişəm və bu gün də ara-sıra yazılarla çıxış edirəm. Həmçinin bələdiyyə başçıları, iş adamları ilə də çoxsaylı görüşlərim olmuş, müxtəlif müzakirələr aparmışam.

Yerli mətbuatda zaman-zaman yazılarla çıxış etmişəm və müsahibələr vermişəm. Bundan başqa, irili-xırdalı bir çox tədbirlər keçirtmişik. Bu tədbirlərdə də əsasən yerli siyasət adamları, mətbuat nümayəndələri və s. iştirak ediblər. 

Bütün bunların bir çoxu ilə bağlı da, Azərbaycan mətbuatında məlumat verilib. Hazırda yaşadığım bələdiyyə ərazisində ictimai işlərdə aktivlik göstərsəm də, bu barədə Azərbaycan mətbuatına çox da məlumat vermirəm. Çünki bu tədbirlərin bir çoxu yerli əhəmiyyətlidir. Amma mən harada varamsa, təbii ki, orada Azərbaycanın adı mütləq çəkilir.

- Vüqar bəy, biz uzun illər deyirik ki, Azərbaycan diasporu zəifdir və əksər dünya ölkələrində bu istiqamətdə yeni gücləndirici işlər aparılmalıdır. Məsələn bu gün Fransa senatının sərsəm qətnaməni qəbul etməsi, məhz Fransada Azərbaycan diasporunun zəif olmasından irəli gəlir. Niderlandda vəziyyət necıdir?

- Bəli, deyirsiniz, elə hey deyirsiniz ki, Azərbaycan diasporu zəifdir. Haqsızsınız? Məncə, o qədər də yox. Amma Fransa senatının qəbul etdiyi qərara Azərbaycan diasporunun təsir edə biləcəyi başqa məsələdir… 

Yəni siz doğrudanmı inanırsınız ki, diasporun bu kimi qərarlara təsir etmək imkanı olar? Mən inanmıram. Bunlar siyasi qərarlardır və hətta diasporumuz güclü olarsa belə, bunu dəyişmək o qədər də asan məsələ deyil. 

Fransanın və birçox bu kimi dövlətlərin bizə qarşı qərarlarının səbəblərini tarixdə axtarmaq mümkündür. Onların bizə münasibəti bəllidir. Hətta Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olanda da onların bizə münasibətini bilirdik. Baş verən bütün hadisələrə bir də tarixin gözü ilə baxsaq, çox şey aydın olar.

Qaldı ki, soydaşlarımızın Parisdə bu qərara etiraz üçün yığışması, bu, onların xatirində ancaq bir Paris gəzintisi kimi qala bilər. Bunu etiraz mitinqlərini təşkil edənlər də, bilməmiş deyillər. 

Bu kimi etirazlar sadəcə olaraq, görüntü yaratmaqdan başqa bir şey deyil və təkrar qeyd edirəm ki, bunu etirazları təşkil edənlər bilməmiş deyillər, deyə düşünürəm. Amma bu demək deyil ki, biz heç nə etməməli və sakitcə oturmalıyıq. Xeyr, bizim etməli olduğumuz çox şeylər var. 

Məsələn, yerli siyasət adamları, mətbuatla və s. münasibətlər qura və xüsusən də, Azərbaycan-Ermənistan münasibətlərinin tarixi, dünəni və bu günü ilə bağlı məlumatlar verə, yerli insanları məlumatlandıra bilərik. Bunun yolu isə tək küçə və meydanlardan keçrilən tədbirlər deyil. Çox işlər görülməlidir.

Niderlandda da diasporun vəziyyəti digər yerlərdən fərqli deyil. Ola bilsin ki, dünyanın harasındasa diaspor təşkilatları bir qədər daha artıq fəal görünür, harasındasa yox. Niderland bir qədər fəal görünənlərdəndir. Amma bu da ümumi mənzərəni dəyişmir.

- Ümumiyyətlə, “diaspor fəaliyyəti” deyilən zaman göz önümüzə nədənsə, yemək süfrələri, qonaqlıqlar, üç cüt bir tək adamla keçirilən tədbirlər, şəkərbura-paxlava və s. Bu cür bir mənzərə yaranır. Siz necə düşünürsünüz, əslində diaspor fəaliyyəti nədir? Necə olmalıdır? Azərbaycanın xarici ölkələrdə diaspor fəaliyyətini necə görüb dəyərləndirirsiniz? Güclü diaspor fəaliyyəti sərgiləmək üçün nəyə ehtiyac var?

- Diaspor fəaliyyəti çoxşaxəlidir, hər halda belə olmalıdır. Məsələn, milli bayramlarımızın təşkili, soydaşlarımızı bir araya yığmaq və s.bu fəaliyyətlərdən biridir. Bu kimi tədbirlərdə əlbəttə ki, yemək süfrələri də ola bilər. 

Qaldı ki, diaspor fəaliyyətinin necə olmasına… Əvvəla qeyd edim ki, lobbiçiliklə diaspor fəaliyyətlərini bir-birindən ayırmaq lazımdır. Bu, çox geniş mövzudur. Yaxşı olar ki, diaspor fəaliyyəti barədə diasporun nə olduğunu bilənlər yazsın, danışsın. 

Bəzən deyirlər ki, “bizim diaspor yoxdur”, yaxud da “diaspor rəhbəri” və s. kimi ifadələr işlənir. Diaspor sözünün mənasını bilənlər anlayırlar ki, diaspor var, söhbət fəaliyyətdən gedə bilər. 

Bəzən elə adamlar diaspor fəalı kimi təqdim olunur ki, inanın ki, o adamlar yaşadıqları yerin dilini belə bilmirlər. Əgər yaşadığın yerin dilini bilmirsənsə, hansı fəaliyyətdən söhbət gedə bilər?

Biz bu gün gələcəkdə diasporumuzun güclü olması üçün çalışmalı, bu sahədə daha çox iş görməli idik. Bunu ona görə deyirəm ki, bizlər son bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə səpələnmişik. 

Birinci nəsil diaspor nümayəndələrinin bir çoxu üçün yaşadıqları ölkənin dilini öyrənmək o qədər də asan olmur. Təəssüflə qeyd etmək istəyirəm ki, müşahidələrim deyir ki, ikinci nəsildən bu kimi fəaliyyətə o qədər də çox meyl yoxdur. 

Bunun da səbəbləri var və bu da çox geniş mövzudur. Amma onu qeyd etmək istəyirəm ki, xaricdə böyüyən ikinci nəslin gələcəkdə çox işlər görmək imkanı ola bilər. Onlar həm yaşadıqları yerin dilini, mədəniyyətini bizlərdən çox bilə, yerli insanlarla daha güclü əlaqələr yarada bilərlər. 

Müxtəlif sahələrdə, siyasətdə, mətbuatda və.s. işləmək imkanları da bizdən çox ola bilər. Odur ki, bunu mütləq nəzərə almaq lazımdır.

Güclü diaspor fəaliyyəti sərgiləmək üçün nəyə ehtiyac var?” sualınıza gəlincə, isə qısaca onu deyim ki, Azərbaycandakı aidiyyatı komitə diaspor təşkilatılarını idarə etməyə cəhd etməməlidir. Xaricdə yaşayan soydaşlarımız bu və ya digər formada üz-üzə qoyulmamalıdır. 

İnsanları “bizim adamdır” yaxud “bizim adam deyil” deyə bölməmələri lazımdır. “İndi ki, o bizdəndir, demək yaxşı adamdır” (V.Hüqo “Doxsan üçüncü il”) prinsipindən əl çəkilməlidir. Doğrudur, diaspor fəaliyyəti göstərmək üçün komitəni gözləməyə ehtiyac yoxdur. Amma bu da bir həqiqətdir ki, bu cür parçalama siyasəti insanları ruhdan salır və fəaliyyət zəifləyir, hətta komitədən bir gözlənti olmasa belə. 

Oradan, kabinetlərdən qərarlar verilməməlidir ki, xaricdə hansı işlər görülməlidir. Bunu hər kəs öz yaşadığı ölkədə bilməli və etməlidir. Diaspor təşkilatları arasında, yaxşı mənada, rəqabət olmalıdır.

Digər tərəfdən  soydaşlarımız da öz üzərlərində çalışmalı, yaşadıqları yerin dilini, mədəniyyətini, adətlərini öyrənməlidir. Hər kəs öz çevrəsindəki insanlarla düzgün münasibət qurub, yeri gələndə həqiqətləri deməyə çalışsa, bu özü də bir fəaliyyətdir, həm də yetərincə güclü fəaliyyət.

Bununla yanaşı, təbii ki, gəldiyin yerin mədəniyyətini, ədəbiyyatını tarixini bilməyin vacibdir. Yoxsa ölkən barədə nə deyə bilərsən?

- İkinci Qarabağ savaşından sonra “Şuşa” qurultayı keçirildi və bilirsiniz ki, qalmaqalsız ötüşmədi. Siz bu durumu necə dəyərləndirdiniz?

- Mən o qurultaya dəvət almadım və təbii ki, iştirak da etmədim. Mətbuatdan, sosial şəbəkələrdən bu barədə, qarşıma çıxdıqca və ötəri oxudum. Tam səmimi deyirəm ki, bütün bunlar mənə maraqlı olmadığı üçün, o qədər də dərindən məlumat almağa çalışmadım.

Qalmaqala gəlincə, sualınıza M.Ə.Rəsulzadənin C. Hacıbəyliyə məktubundan (M.Ə.Rəsulzadə “Məktublar. Şəfibəyçilik”) bir seçmə ilə cavab vermək istəyirəm: “Uf! İntriqaya bizimkilər qoçaqdırlar. Lakin madam ki, ortada “pul” yoxdur, zənn etmirəm ki, bununla da məşğul olsunlar”. Elə bilirəm ki, nə demək istədiyim aydın oldu.

- Vüqar bəy, mən tənqidi çox sevmirəm, amma diaspor komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz? Məsələn Nazim İbrahimovdan şikayətlənənlər, bu gün Fuad Muradovun fəaliyyətindən narazıdır. Siz necə düşünürsünüz?

- Razılar və narazılar hər dövrdə olub və olacaq. Nazim İbrahimovun öz adamları vardı, Fuad Muradovun öz adamları. Sadəcə əvvəlki illərdə öz adamları olmayanlarla da məsləhətləşmələr edilir, fikir mübadilələri aparılırdı.

Açıq desək, əvvəlki illərdə tənqidə dözümlə yanaşırdılar. Nazim İbrahimovun vaxtında komitənin fəaliyyətini ən çox tənqid edənlərdən biri idim. Tənqidi yazılardan sonra bəzən komitədən mənimlə əlaqə saxlayır, yazıyla bağlı söhbət edir, fikirlərimi soruşurdular.

Məni tanıyanlar və izləyənlər bilirlər ki, tənqid etmək xətrinə tənqid etmərəm. Düz bildiyimi də deməkdən çəkinmərəm. Odur ki, yeni rəhbərliyin vaxtında da komitəni həm tənqid etdim, həm də fəaliyyətlərindəki bəzi məqamları müsbət qiymətləndirərək fikirlərimi zaman-zaman yazdım. Fəaliyyət olarsa, onu tənqid də etmək olar, təqdir də.

- Vüqar bəy, necə düşünürsünüz, hamı ayrıseçkilik olmadan o mərkəzlə əlaqəli ola bilsin deyə dünya ölkələrində Azərbaycan diaspor təşkilatlarının bir koordinasiya mərkəzi olmalıdırmı?

- Diaspor təşkilatları təbii yolla koordinasiya oluna bilər. Təşkilatlar özləri koordinasiya mərkəz(lər)i yarada və koordinatorları seçə bilərlər. 

Təyinatla, kabinetlərdən gələn göstərişlərlə bunu etmək təşkilatları bu başdan ayırmaq deməkdir. Doğrudur, indi də aidiyyatı şəxslər hazırkı koordinasiya şuralarının da məhz belə yaradıldığını iddia edə bilərlər.

Ancaq burada da “Qazan dedi dibim “qızıldı”, çömçə dedi, gəzib gəlmişəm” misalını xatırlatmaq olar.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?