Belə görünür ki, bu ölkədə kimdə telefon varsa o haqlıdır, o qışqırıb həyasızlıq edər, video çəkib paylaşa bilər...

BAKI, Azərbaycan

Yeni bir trend ortaya çıxıb. Kim kimdən narazıdırsa, haqlı-haqsız çığır-bağır salır, video çəkir və sosial şəbəkədə paylaşır. Və maraqlısı budur ki, bu halın qarşısını heç kim almaqda maraqlı deyil.

Bir neçə gün əvvəl bir qadın əlində telefon marketdə güya öz hüquqlarını qorumaq üçün qışqır-bağır salaraq video çəkirdi. Marketin kassiri də özünü "müştəri"dən müdafiə etməyə çalışırdı. Müştərinin göstərdiyi aqressiya, sözün əsl mənasında bir "həyasızlıq" idi.

...Və yaxud bir müddət əvvəl bir sürücü digərinin arxasında düşüb, addım-addım onu çəkib. Sürücü "qovaladığı" şəxsin qayda pozduğunu iddia edir, qışqırıb bağırırdı.

Belə görünür ki, bu ölkədə kimdə telefon varsa o haqlıdır, o qışqırıb həyasızlıq edər, video çəkib paylaşa bilər...

Hüquqşünas Ramil Süleymanov bildirib ki, əslində razılığı olmadan şəxslərin küçədə, mağazada, hər hansı bir yerdə videolarının çəkilməsi, məlumatlarının toplanılması həmin şəxslərin Konstitusiya hüquqlarının pozulmasıdır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Eyni zamanda Konstitusiyanın 32.3 maddəsinə görə kiminsə özünün razılığı olmadan onun haqqında məlumatlar toplanıla bilməz, onun xəbəri olmadan və etirazına baxmayaraq gizli izlənilə bilməz, onun barəsində video, foto çəkilişi və ya səs yazılması icra oluna bilməz.

Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib ki, hansısa bir cinayətin törədilməsi zamanı orada istifadə olunacaq sübutlarla əlaqədar olduğu zaman icazənin alınmasına gərək yoxdur.

Bununla bağlı mütləq şəkildə həmin cinayət işinin açılmasına yönəlibsə, bu məsələdə hüquqların müqayisəsi ilə bağlı cinayətin törədilməsi və ya cinayətin qarşısının alınması məsələsində digər şəxslərin şəxsin hüquqları ikinci plana keçir.

-Ramil Süleymanov

“Mütləq şəkildə hər hansı bir hadisə baş verirsə, kimsə qışqır-bağır salırsa və kimsə bunu çəkirsə, vətəndaş özünün həmin videoda görünməsini istəmirsə, həmin videonu çəkən şəxsə yaxınlaşaraq o videoda onun göstərilməsini istəmədiyini bildirə bilər.

Eyni zamanda bildirə bilər ki, videoda görünmək istəmir və həmin videonun silinməsini tələb edə bilər. Və yaxud həmin videoda göstərilməsi zamanı mütləq şəkildə üzünün bulanıq formada göstərilməsi tələb edə bilər.

Əgər videonu çəkən şəxs həmin tələbə riayət etməzsə, mütləq şəkildə üzü çəkilmiş şəxs bununla bağlı prokurorluğa müraciət edə bilər. Prokurorluq bu barədə müvafiq materialı toplayır.

Əgər şəxsin şəxsi həyatı barədə hansısa bir cinayət hərəkəti aşkarlanarsa, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi və ailə həyatının sirrinin toxunulmazlığı video və foto çəkilişi materiallarının qanunsuz toplanılmasıyla bağlı cinayət məsuliyyətinə cəlb olunur.

Həmin bu əməli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən 1000 manatdan-2min manata qədər cərimə edilir və ya 1 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

Bundan başqa foto və videoya məruz qalmış şəxsin özü tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən şəxsin şərəf və ləyaqətini işgüzar nüfuzunu, şəxsi və ailə həyatını, şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında geri qaytarılmasını və təkzib olunmasını tələb edə bilər.

Əgər çəkilən video və ya foto hər-hansı bir formada şəxsə zərər vermiş olarsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə uyğun olaraq ona vurulmuş maddi zərəri məhkəmə qaydasında tələb edə bilər”-deyə hüquqşünas bildirib.

P.S.

Yəni kimsə video çəkərək sizə hədə-qorxu gəlsə, çığırıb bağırıb özünü göstərməyə çalışsa, öncə etirazınızı bildirin. Gördünüz ki, başa düşür, yolunuzu prokurorluqdan salın. Salın ki, bu tip şəxslərin ağlı başına gəlsin və başa düşsünlər ki, kimisə "özbaşına" çəkib paylaşmaq olmaz.

İradə Cəlil, dikGAZETE.com