BAKI, Azərbaycan

Ermənistanın işğal etdiyi ərazilərimizdəki nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub.

İşğaldan azad olunmuş ərazilərdəki mövcud olmuş və olan tarixi-mədəni abidələrimizlə oxucularımızı tanış etməyə davaam edirik.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri – muzeylər, kitabxanalar, mədəni-maarif müəssisələri xüsusi qəddarlıqla məhv edilib.

Bu barədə tarixçi Kamran İsmayılov məlumat verib.

O qeyd edib ki, ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb.

Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub.

Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

"Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəyib", - deyə tarixçi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı, 02.08.2001 tarixli qərarı (7) ilə təsdiq edilən siyahıya Ermənistan Respublikası Silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələri də daxil edilib.

Tarixçi bildirir ki, həmin siyahıda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin adları öz əksini tapıb:

"Bu siyahıda işğal altında olan ərazilərdə beş memarlıq abidəsi (Ağdam rayonu ərazisində XIV əsrə aid Qutlu Musa oğlu türbəsi, Kəlbəcər rayonu ərazisində XIII əsrə aid Gəncəsər və Xudavəng monastırları, Cəbrayıl rayonu ərazisində XI—XII əsrlərdə tikilmiş 11 tağlı Xudafərin körpüsü və XIII əsrdə tikilmiş 15-tağlı Xudafərin körpüsü , XVIII-XIX əsrlərdə formalaşmış Şuşa Tarix-Memarlıq Qoruğu), altı arxeoloji abidə (Azıx mağara düşərgəsi - Paleolit dövrü - Xocavənd rayonu; Tağlar mağara düşərgəsi - Paleolit dövrü - Xocavənd rayonu; Üzərlik təpə yaşayış yeri Tunc dövrü – Ağdam rayonu; Xocalı kurqanları - Tunc-ilk dəmir dövrü - Xocalı şəhəri; Niftalı kurqanları - Tunc dövrü Cəbrayıl rayonu) daxil edilib".

Onun sözlərinə görə, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına Füzuli rayonunda yerləşən 4 tarixi-dini abidə (Əhmədallar kəndindəki XIII Əsr Türbəsi, Babı kəndinin yaxınlığında XIII əsrə aid Şeyx Babı türbəsi, Qarğabazar kəndində Karvansaray XVII əsr, Aşağı Veysəlli kəndində Mirəli türbəsi XIV əsr, Xocavənd rayonu üzrə 27 məbəd, kilsə, məscid, Xocalı rayonunda 15 məbəd, qala , məscid, Kəlbəcər rayonunda 14 kilsə, qala, məbəd, Qubadlı rayonunda 5 körpü və türbə, Laçın rayonunda 3 məbəd və türbə, Zəngilan rayonunda 5 qüllə, türbə, sərdabə, Şuşa şəhərində 30 müxtəlif təyinatlı tarixi-memarlıq abidəsi daxil edilmişdi.

"Siyahıda işğal olunmuş ərazilərdə yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələrdən Ağdam rayonunda 93 abidə, Fizuli rayonunda 14 abidə, Xocavənd rayonunda 3 arxeoloji abidə, Xocalı rayonunda 12, Kəlbəcər rayonunda 5, Qubadlı rayonunda 11, Laçın rayonunda 8, Şuşa rayonunda 5, Zəngilan rayonunda 3 arxeoloji abidə daxildir.

Siyahıya işğal olunmuş ərazilərdəki yerli əhəmiyyətli arxeoloji abidələr, əsasən qəbiristanlıqlar və köhnə yaşayış yerləri (Ağdamda 4, Cəbrayılda 9, Kəlbəcərdə 1, Laçında 3, Zəngilanda 4 abidə ) daxil edilmişdi", - o əlavə edib.

Həmin ərazidə yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrinin siyahısında işğal olunmuş ərazilərdə yerləşən (Ağdamda 33, Cəbrayılda 32, Füzulidə 42, Qubadlı 21, Laçın 46, Xankəndi şəhərində 1 (Dram teatrının binası), Şuşa şəhərində 154, Zəngilan rayonunda 6 obyekt (cəmi 335) daxil edilib.

Ermənistan təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində yüzlərlə muzeylər, ev muzeyləri məhv edilib ki, onların bir çoxu dünya və ölkə əhəmiyyətli mədəniyyət ocaqları idilər.

İşğal nəticəsində hər bir rayonda yerli əhəmiyyətli mədəniyyət müəssisələri də məhv edilib ki, onlar Azərbaycan xalqının maddi və mədəni sərvətləridir.

"Düşmən tapdağı altında qalan rayonlarımızda yüzlərlə dekorativ-tətbiqi sənət nümunələri Azərbaycan xalqının çox əsrlik mədəni yaradıcılığının izlərini özündə daşıyırdı. Bunların sırasında Cəbrayıl rayonunda Daş qoç fiquru, Kəlbəcər rayonunda Zar kəndində Daş qoç fiquru - ərəb yazısı ilə, Zəylik kəndində Daş at fiquru, Qubadlı rayonunda daş qoyun heykəli və daş sandıq (Mahmudlu kəndi, Laçın kəndində 9 daş qoç və at fiquru) xalq daş heykəltəraşlıq abidələrinin mühüm növləri hesab edilirdi", -deyə o əlavə edib.

Mütəxəssis bildirir ki, Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş rayonlarımızın hər birində Sovet dövründə çoxsaylı mədəni-maarif müəssisələri tikilib istifadəyə verilib.

İndi bu müəssisələrin yalnız xarabalıqları qalıb:

"Xocavənd rayonunda işğaldan əvvəl 41 klub, 40 kitabxana fəaliyyət göstərirdi ki, indi onların hamısı düşmən əlindədir.

Laçın rayonunda işğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 5 musiqi məktəbi, Kəlbəcər rayonunda 1 muzey, 172 mədəniyyət obyekti, Ağdərə rayonunda işğaldan əvvəl 62 klub, 51 kitabxana fəaliyyət göstərirdi.

Ağdam rayonunun 71 kitabxana, 27 klub; 13 mədəniyyət evi, dram teatrı, ölkəşünaslıq muzeyi, çörək muzeyi, Cəbrayıl rayonunda 78 kitabxana, 32 klub, 1 mədəniyyət evi, 3 musiqi məktəbi, Füzuli rayonunda işğaldan əvvəl 90 kitabxana, 79 klub, 9 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, Qubadli rayonunda 47 kitabxana, 23 klub, 8 mədəniyyət evi, 6 ölkəşünaslıq muzeyi, Zəngilan rayonunda 128 mədəniyyət müəssisəsi, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi əhaliyə xidmət göstərirdi."

Erməni təcavüzkarları tərəfindən işğal edilməmişdən əvvəl bu rayonlarda mövcud muzeylərdən ümumdünya əhəmiyyətinə malik 40 minə yaxın nadir muzey əşyaları, Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli eksponatlar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, dekorativ-tətbiqi sənət nümunələri, əlyazmalar, arxiv sənədləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar qarət edilib.

Mənəvi zərərin həcmini mövcud olan heç bir ölçü meyarı ilə təyin etmək mümkün deyil.

Kamran İsmayılovun fikrincə, erməni işğalı Azərbaycanın kitabxana sisteminə də sağalmaz yaralar vurub:

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində ümumi kitab fondu 200 min nüsxə təşkil edən 32 kitabxana mövcud olub.

1992-ci il 8 may tarixində Şuşa rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unikal kitablar yandırılıb və məhv edilib.

Laçın rayonunda 119 kitabxana əsasında fəaliyyət göstərən MKS-nin kitab fondu 843 min nüsxə təşkil edirdi.

Rayon MKS-nin 115 kənd kitabxana filialı müasir binalarla təmin olunmuşdu.

Laçın rayon Mərkəzi Kitabxanasının fondunda qədim, unikal və nadir kitablar saxlanılırdı. Kitabxanada 14 otaq, 2 oxu zalı oxucuların istifadəsinə verilmişdi.

18 may 1992-ci ildə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisindəki kitabxanalar məhv edilib.

Kəlbəcər rayonunda oxuculara xidmət edən 119 kitabxanada 600 min nüsxə kitab fondu mövcud idi.

Ağdam rayonunda 107 kitabxananın ümumi kitab fondu 970 min 996 nüsxə təşkil edirdi.

Ağdam rayon Mərkəzi Kitabxanası 1992-ci ildə inşa edilib, yeni binaya köçürülüb, kitabxana inventar, avadanlıqla təmin edilib.

Ağdam rayonunun 1993-ci ilin 23 iyul tarixində erməni silahli birləşmələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılıb və rayon kitabxanalarına təqribi hesablamalara görə, 2 milyon 850 min manat məbləğində maddi ziyan dəyib.

Cəbrayıl Rayon MKS-də 78 kütləvi kitabxanada 552 min 400 nüsxə kitab fondu yerləşirdi.

İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribin 1 milyon 700 min manat həcmində maddi ziyan dəyib.

Füzuli rayonunda 1 rayon mərkəzi və 89 kütləvi kitabxana əsasında MKS fəaliyyət göstərirdi.

1992-ci ilin məlumatina görə, MKS-nin kitab fondu 659 min nüsxə, oxucuların sayı 45 min 620 nəfər təşkil edib.

1993-cu il 23 avqust tarixində Füzuli rayonunun Ermənistan silahli qüvvələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki bütün kitabxanalar dağıdılıb və talan edilib.

Müharibə nəticəsində rayon kitabxanalarına təqribi hesablamalara görə, 1 milyon 889 min manat həcmində maddi ziyan dəyib.

Qubadlı rayonunun MKS 1 rayon mərkəzi və 84 kütləvi kitabxana filialından ibarət idi. Kitabxana fondlarının ümumi həcmi 600 min nüsxə, oxucuların sayi 21 min nəfər təşkil edib.

Qubadlı rayonunda kitabxana və kitabxana filialları xüsusi binalarla təmin olunub. 31 avqust 1993-cu ildə Qubadlının Ermənistan silahli qüvvələri tərəfindən işğal olunması nəticəsində rayonun 85 kitabxana və kitabxana filialı dağıdılıb və talan edilib.

İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə 1 milyon 880 min manat həcmində maddi ziyan dəyib.

Zəngilan rayonu MKS 1 rayon mərkəzi, 3 şəhər, 1 qəsəbə, 65 kənd kütləvi kitabxanasını birləşdirirdi.

Kitabxana fondlarının ümumi həcmi 490 min nüsxə, oxucuların sayı 20 min nəfər təşkil edib. 29 oktyabr 1993-cu ildə Zəngilan rayonunun ermənilər tərəfindən işğalı nəticəsində rayon mərkəzindəki 1 mərkəzi, 1 uşaq, 1 gənclər, 1 şəhər, 1 qəsəbə, habelə rayonun kəndlərində fəaliyyət göstərən 70 kitabxana filiali dağıdılıb, məhv edilib və burada saxlanılan nadir, qiymətli kitablar talan edilib.

İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlərlə 1 milyon 660 min manat həcmində maddi ziyan dəyib.

Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan və məhv edilib.

Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəyib.

Azərbaycanın işğal olunmuş rayonlarında ermənilərin tarixi, dini abidələrimizi, mədəniyyət obyektlərimizi varvarcasına məhv etmələri ilə bağlı faktlar kosmosdan həmin ərazilərdən çəkulən şəkillərlə yanaşı, erməni əsirliyində olmuş və erməni zabitlər tərfindən bu işlərə cəlb edilmiş Azərbaycanlı hərbçilər və mülki şəxslər də öz ifadələrində təsdiq ediblər.

İradə Cəlil, dikGAZETE.com