USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Biz uşaqlarımızı nifrət və aqressiya ilə deyil, itirdiklərimizin sevgisi ilə böyütməliyik

Biz uşaqlarımızı nifrət və aqressiya ilə deyil, itirdiklərimizin sevgisi ilə böyütməliyik

-Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb-

BAKI, Azərbaycan

- "Azərbaycan konflikt zonasında yerləşir - dostları qədər düşmənləri də var"

- “Mən fərx edirəm ki, Azərbaycanlıyam”... Heydər Əliyevin bu cümləsi vətənpərvərliyin qısa izahıdır.

Vətənpərvərlik ölkənin rifahı üçün çalışmaq istəməkdir. Azərbaycanlı olduğunuzla fəxr etməkdir.

Vətənpərvərlik vətənə məhəbbətdə, onun uğur və nailiyyətləri ilə fəxr etməkdə, onun tarixi keçmişinə, mədəni ənənələrinə hörmətlə yanaşmaqda, çətin anlarda kömək etməyə, müstəqilliyini müdafiə etməyə hazır olmaqda ifadə olunan mənəvi mövqedir.

Vətənpərvərlik həm də mövcud sosial ədalətsizliyə tənqidi münasibətdə, onun aradan qaldırılması, vətənin firavanlığı və rifahı üçün var qüvvəsini vermək istəyidir.

Vətənpərvərlik hissi insana müəyyən bir mədəniyyətə mənsubluğunu dərk etməyə, onun zəngin sərvətlərini mənimsəməyə yardım edir.

Vətənin müdafiəsi vətəndaşların borcudur.

Vətənpərvərlik Vətənə məhəbbət, Vətənə sədaqət, onun mənafeyinə xidmət etmək istəyi və hazırlığı, fədakarlıq və onu qorumaqdır.

Şəxsi səviyyədə vətənpərvərlik insanın dünya görüşündə, əxlaqi davranışlarında ifadə olunan ən mühüm xüsusiyyət kimi çıxış edir.

Məktəblilərin vətənpərvərlik tərbiyəsi şagirdlərdə yüksək vətənpərvərlik şüurunu, Vətənə sədaqət hissini formalaşdırmaq üçün sistemli və məqsədyönlü fəaliyyətdir. Bəs bu gün vətənpərvərlik yeni nəslə necə aşılanır?

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov bildirib ki, vətənpərvərlik mövzusunun aşılanması Azərbaycanın coğrafi-siyasi mövqeyində, vəziyyətində çox lazımlı və aktualdır.

-Qoşqar Məhərrəmov-

“Azərbaycan uzun illərdir ki, konflikt zonasında yerləşən bir ölkədir. Dostları olduğu qədər düşmənləri də var. Torpağında gözü olan qonşuları var.

Məhz ona görə də Azərbaycanda ideoloji işin aparılması hər zaman vacib məsələlərdən biridir. Sovet sosialist respublikaları ittifaqında bu iş çox yüksək səviyyə də aparılırdı.

Bu səbəbdən də Azərbaycanda bir çox insan özünü artıq böyük vətənin bir hissəsi, sovet vətəndaşı adlandırırdı. 1991-ci ildən sonra Azərbaycanda sona doğru azadlıq hərəkatı başladı.

Bundan sonra insanlar artıq müəyyən məsələlərin fərqinə vardı. Başa düşdülər ki, milli kimlik məsələsi, azadlıqmüstəqillik ideyaları vacibdir. O dövrdə ümummilli liderimizin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fikri daha əhatəedici bir addım idi - deyə ekspert qeyd edib.

Mütəxəssis qeyd edir ki, Azərbaycanda müxtəlif millətlərin yaşadığı hamıya məlumdur.

Müxtəlif etniklər var.

Və bununla yanaşı onları qucaqlayan bir ifadə vardı – Azərbaycanlı ifadəsi…

Bu səbəbdən də Azərbaycanda Azərbaycançılıq ideyalarının, vətənpərvərlik ruhunun aşılanması o dövrdən başladı və günümüzə davam etdi.

Qoşqar Məhərrəmov hesab edir ki, Azərbaycanda vətənpərvərliyin təbliğatı uğurla aparılıb.

Məhz bu səbəbdən də Azərbaycanda yüzlərlə insan Polad Həşimovun şəhid olmasından sonra küçələrə axışdı.

Onlar vətən üçün ölüməsavaşa hazır olduqlarını qeyd elədilər.

Ekspert vətənpərvərliyin aşılanması məsələsində bir neçə narahatedici məqamı da dilə gətirib.

“Sadəcə, məni bir neçə məsələ narahat edir, onlardan biri də təhsil verənlərin vətənpərvərliyi aşılayarkən bəzi psixoloji, emosional amilləri göz ardı etmə ehtimalıdır.

Bəzən uşaqların yaş dövrü nəzərə alınmadan onlara şiddət rəsmləri, vizualları göstərilir.

Uşaqlar həmin vizualları, həmin nifrət düşüncəsini qaldıra biləcək yaşda deyillər. Bu səbəbdən də düşünürəm ki, burada xüsusi həssas yanaşmaq lazımdır” - deyən ekspert bildirib ki, vətənpərvərlik bizim dünyamızda vətəni sevməkdir, vətəni tanımaqdır, vətənin milli ornamentlərini bilmək, tanımaq və əhəmiyyət verməkdir.

Mədəniyyəti tanımaqdır, bilməkdir, sevməkdir. Coğrafi sərhədlərini müəyyən etmək, bilmək burada vacib məsələlərdəndir.

Eyni zamanda icəsənət xadimlərini, ədəbiyyat xadimlərini, alimlərini bilmək, tanımaq və tanıtdırmağa çalışmaq bizim vətənpərvərlik anlayışımızdır.

Ekspertin fikrincə, bizim vətənpərvərlik anlayışımız nifrət üzərində qurulmamalıdır.

Bu səbəbdən də, təhsil verənlər mütləq şəkildə burada həssas yanaşmalı və hələ 8-9 yaşında uşaqların kövrək zehinlərinə nifrət toxumu əkməməlidir.

“Uşaqların həmin dövrdə kəsmək, doğramaq, qan kimi məsələləri öz ədəbiyyatına, lüğətinə salmamaları çox vacib məsələdir.

Ona görə də onlara nəyin göstərilməyinin doğru olmasını müəyyən etmək, psixoloqların nəzarətində həyata keçirilməli və nəzarətlə qərar verilməlidir.

Əks halda, müəllimlər “qaş düzəldirəm deyərkən göz çıxarda bilərlər” və həqiqətən də uşaqlara zərər verə bilərlər. Bu mənada xüsusi diqqət yetirilməlidir ki, vətənpərvərliyin təbliğatı, vətənin tanıdılması sevdirilməsi ilə sərhəddi müəyyənləşsin.

Bundan artıq "filankəslər bizim düşmənimizdir, onları harada görsək öldürməliyik", "onlar bizim insanlarımızı qətlə yetirib, biz də onları qətlə yetirməliyik" kimi fikirlər azyaşlı uşaqlarda intiqam hissi, nifrət hissi formalaşdırar və əks təsir meydana gətirə bilər.

Bu məsələdə təhsil verənlərə, valideynlərə xüsusi məsuliyyət düşür” - deyə Qoşqar Məhərrəmov qeyd edib.

P.S. Maraqlıdır, ermənilər - düşmənlərimiz hələ qundaqda uşağının qulağına “Türk bizim düşmənimizdir” deyir və övladını Türkə nifrət hissi ilə böyüdür.

Təbii ki, bu da vətənpərvərlik hissi deyil.

Bu, nifrət və kinin aşılanmasıdır.

Bu, Türk düşmənçiliyidir.

Biz uşaqlarımıza zaman keçdikdə, başımıza gətirilənləri danışmalı və şəhidlərimizi, milli qəhrəmanlarımızı tanıtmalıyıq.

Yəni biz uşağımızı nifrət aqressiya ilə deyil, itirdiklərimizin sevgisi ilə böyütməliyik.

Çünki sevgi ilə böyüyən uşaq zaman keçdikdə, dostu-düşməni özü seçmək qabiliyyətində olur.

Bunu 2020-ci il Vətən Müharibəsi dövründə bir daha görmüş olduq…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?