USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Rövnəq Abdullayev niyə AFFA-dan getməyəcək?

Rövnəq Abdullayev niyə AFFA-dan getməyəcək?

SUMQAYIT, Azərbaycan

Bildyiniz kimi, ötən həftə Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edildi. 

Əslində Prezident İlham Əliyevin bununla bağlı sərəncam imzalayacağı çoxdan gözlənilirdi. 

Hər halda iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-a əsas nəzarətçi təyin ediləndən Abdullayev erasının sona yaxınlaşdığı bəlli olurdu. Başqa sözlə, Abdullayevin gedişi türklər demişkən, bir növ məlumun elanı oldu. 

Rövnəq Abdullayevin SOCAR-dan ayrılması özlüyündə "AFFA-dan nə vaxt gedir" sualını doğurur. 

Düzü, Rövnəq Abdullayevin ölkə iqtisadiyyatının onurğa sütunu sayılan şirkətin prezidenti vəzifəsindən azad edilməsindən sonra ölkənin futbol arenasında ciddi canlanma müşahidə edildi. 

İllər öncə Mübariz Mənsimovla "Xəzər Lənkəran"a görə problem yaşamış Rövnəq Abdullayevin ölkənin neft sektorundakı əsas söz sahibi statusundan məhrum edilməsi lənkəranlılarda Mənsimovun yenidən böyük futbola sərmayə ayıracağına dair ümid yaratdı. 

Bəlkə də təsadüfdür, ancaq Rövnəq bəyin SOCAR-ın prezidenti postundan uzaqlaşdırılması ilə “Xan Lənkəran”ın gələcəkdə “Xəzər Lənkəran”ın varisi kimi ölkənin futbol ailəsinə qatıla biləcəyi xəbəri eyni saatlarda olmasa da, eyni gündə yayıldı. 

İndi hamı elə düşünür ki, Mübariz Mənsimov təxminən iki il əvvəl “indiki AFFA rəhbərliyi gedəndən sonra biz yenidən qayıdacağıq” sözlərini heç də boşuna səsləndirməyib. 

Üstəlik, yerli futbol ictimaiyyətinin nümayəndələri arasında uşaq futboluna qayğının olacağına, ölkə premyer liqasında bölgə klublarının çıxış edəcəyinə, futbol üzrə Azərbaycan çempionatının Bakı birinciliyi statusundan qurtulacağına, yerli klubların AFFA-dan asılılığına son qoyulacağına, bütün yaş qrupları üzrə milli komandalarımızın əcnəbi baş məşqçilərə havayı milyonlar xərclənməsindən imtina olunacağına inananlar da tapıldı. 

Amma hələ ki, AFFA rəhbərliyində dəyişiklik yoxdur. 

Bəs görəsən, bu nə qədər gözləniləndir?

Hazırkı vəziyyətdə AFFA prezidenti Rövnəq Abdullayevin ölkənin futbol təsərrüfatını tərk edəcəyi inandırıcı görünmür. 

Ən azı ona görə ki, federasiya prezidentinin postunu tərk etməsi gündəmdə olsaydı, Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad olunmamışdan bir neçə gün öncə baş tutan AFFA-nın konfransında rəsmiləşərdi və elə həmin gün  keçirilən İcraiyyə Komitəsinin iclasından sonra açıqlanardı.

Daha bir məsələ isə onsuz da ölkəmizdə idman federasiyalarına məmurların rəhbərlik etməsi ənənəsinin formalaşmasıdır. 

Rövnəq Abdullayev 17 ildir tutduğu vəzifədən azad olunaraq, iqtisadiyyat nazirinin müavini təyin olunması həm də o anlama gəlir ki, digər yüksək vəzifəli məmurlar kimi federasiyadakı işini davam etdirə bilər.

On yeddi ildir assosiasiyaya rəhbərlik edən Abdullayevin bu illər ərzində müxtəlif səpkili beynəlxalq turnirlərin ölkəmizdə təşkil olunmasına nail olması da onun postunda saxlanmasını şərtləndirə bilər. 

Avropa Liqasının final qarşılaşması, ardından Avropa çempionatının final mərhələsinin 4 oyununun Bakıda keçirilməsinə nail olmaq həqiqətən Azərbaycan üçün uğur idi. 

Ən əsası bunlar Azərbaycana futboldan çox siyasi arenada lazım idi. 

Siyahını uzatmaqla bura yeniyetmə qızlar arasında dünya  və 17 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsinə evsahibliyi etməyimizi, İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil olunmasını da əlavə etmək olar.

Rövnəq Abdullayevin postuna hazırda real namizədin olmaması da AFFA prezidentinin 2024-cü ilin əvvəlində keçiriləcək seçkilərə qədər vəzifəsində qalacağını təxmin etməyə imkan verir. 

İndiki halda ölkə futbolunda fəaliyyət göstərən heç bir futbol adamı bu posta iddia etmir. 

Hazırda futbol sahəsindən kənarda olanlardan kimsə fedarasiyaya rəhbərlik etmək istəsə, futbol təsərrüfatında minimum bir il çalışmalıdır ki, sonradan namizədliyini irəli sürə bilsin.

Ölkə futbolu bərbad vəziyyətdə olması hamıya aydın olsa da, "Neftçi"nin ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etməsi də, "Qarabağ"ın bir mövsüm Çempionlar Liqasında olmaqla ardıcıl 8 "futbol ili"ndə avrokubokların qrup mərhələsində çıxış etməsi və cari mövsüm ilk dəfə qrup səddini aşması da, ilk təsnifat mərhələsindən yarışa qoşulub  Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan ilk komanda kimi tarixə düşən "Qəbələ"nin də uğurları məhz AFFA-nın hazırkı prezidentinin dönəminə təsadü edir. 

Bütün bunlar isə Rövnəq Abdullayevin postunda qalacağını proqnozlaşdırmağa əsas verir.

Ona görə də bütün suallara aydınlıq gəlmədən hisslərin qorunması daha yaxşı olardı.

.

Tural Məmmədov, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?