SUMQAYIT, Azərbaycan

Dünən futbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan təlim-məşq toplanışında ikinci yenilgisini aldı.

Malta ilə qarşılaşmada olduğu kimi, Latviya ilə matçda da minimal hesabla uduzduq.

Fərq yalnız onda idi ki, martın 29-dakı görüşdə günün günorta saatlarında uduzduq ki, bu məğlubiyyəti axşama qədər həzm edə bilək.

Həzm etdik də.

Baxmayaraq ki, Maltaya təxminən 20 ildən sonra, Latviya milli komandasına isə tariximizdə ilk dəfə uduzmaqla bir ilkə imza atmış olduq.

Hər halda bu qarşılaşmalardan öncə ümumilikdə 51 yığma komandanı sevindirmiş milli komandamızın oyunlarının 76 faizində məğlub olması buna öyrəncəli olduğumuzu ortaya qoyur.

İş o yerə çatıb ki, artıq FİFA reytinqində Farer adaları, Qambiya, Anqola, Zimbabve, Toqo və Qvatemala kimi millilərdən geri qalmağımız da adi hal kimi qarşılanır.

Hər halda xorvatiyalı Nikola Yurçeviçin əsas yığmanı çalışdırdığı dönəmdə Zimbabve, Namibiya, Madaqaskar, Syerra Leone kimi adını heç də hamının eşitmədiyi milli komandalardan geri qalan yığmamız üçün bu həqiqətən də sıradan məsələdir.

Yadınızdadırsa, Malta ilə qarşılaşmadan sonra A millimizin baş məşqçisi De Byazi belə qarşılaşmaların bizim üçün dərs olmalı olduğunu bildirmişdi, amma bu açıqlamadan 4 gün sonrakı məğlubiyyət yenilgidən dərs çıxarmadığımızı ortaya qoydu.

Görünən odur ki, bu gedişlə futbol topuyla kriket oynayan Hindistandan, bir əlndə top, digərində raket tutan fələstinlilərdən, papaq adıdır deyib lağa qoyduğumuz Panamadan da geri qalacağıq.

Panamamızı qabağımıza qoyub düşünəndə isə gözümüzün önündə Azərbaycan futbolunun dumanlı gələcəyindən başqa heç nə canlanmır.

Düzü, italiyalı mütəxəssisin Latviya ilə oyundan öncə “Latviya ilə qarşılaşmadan sonra bəhanə olmayacaq” açıqlaması bizi bir az ümidləndirmişdi ki, bəlkə yeni oyun fəlsəfəsi görə bilərik, ancaq sözügedən matçdan sonrakı mətbuat konfransında millinin baş məşqçisinin “bəxtimiz gətirmədi” bəhanəsinə sığınması 66 yaşlı italiyalının yeni heç nə vəd etmədiyini göstərdi.

Üstəlik, uzun fasilədən sonra əsas yığmaya dəvət edilən Riçard Almeyda və Dmitri Nazarovun oyunundan razılığını ifadə etməsi birmənalı qarşılanmadı.

Hansı ki, xüsusən Nazarov meydanda ən passivlərdən idi.

Ən əsası bu həmin Nazarovdur ki, pandemiyanı bəhanə edərək millinin düşərgəsinə gəlməmiş, sonra isə bu addımı atmaq üçün pul istəmişdi.

Təəssüf ki, belə hallar çoxdur.

Yadınızdadırsa, Nikola Yurçiviçin milli komandaya rəhbərlik etdiyi dövrdə Aleksey İsayev xorvat mütəxəssisin tələbini heçə sayaraq əvəzetmə zamanı meydana çıxmaqdan imtina etmişdi, ancaq sonra yenidən yığmanın düşərgəsində özünə yer tapmışdı.

O dövrdə hələ imkan tapıb erməniyə qardaş da demişdi.

Yəqin onu da xatırlayırsınız ki, Qurban Qurbanov əsas millini çalışdıranda Araz Abdullayevlə Elvin Yunuszadə cəmi bircə dəfə yatıb qalmışdı deyə “Qarabağ”ın çalışdırıcısı onları millinin düşərgəsindən qovmuşdu.

O UEFA Millətlər Liqasında qrup ikincisi olan və istefaya göndərilən Qurbanov, bu da Millətlər Liqasındakı bərbad çıxış edən, seçmə mərhələni isə cəmi bir xalla tamamlayıb postunda qalan De Byazi.

Amma təbii ki, bütün günahı əcnəbi çalışdırıcıda görmək qərəzli yanaşma olar.

Hər halda meydanda futbolçular çıxır və onlar da az məsuliyyət daşımır.

Malta ilə oyundan sonra məğlubiyyətin səbəbləri kimi fərqli oyun sistemini, “iki nömrə” kimi oynamaq fəlsəfəsini və medianın tənqidini göstərən Azərbaycan milli komandasının kapitanı Maksim Medvedevin dediyi sonuncu səbəb “bişmiş toyuğu güldürən” səbəblərdəndir.

Əgər milli üzvləri sosial şəbəkələrdə ünvanlarına yazılanları izəyirsə, o deməkdir ki, futbolçular çatışmazlıqları aradan qaldırmaq əvəzinə bütün gün sosial şəbəkədə yazılanlara vaxt ayırırlar.

Milli komandanın düşərgəsində yer alan futbolçuların boş vaxtı çoxdusa, De Byazinin təklif etdiyi sistemi daha yaxşı mənimsəmək üzərində düşünsünlər.

Yeri gəlmişkən, əgər Covanni De Byazinin komandaya aşıladığı oyun sistemi ilə bağlı anlaşılmazlıq varsa, bunu komandadaxili iclaslarda müzakirə olunmalıdır.

Onun yeri medianın önü deyil.

Hər nə qədər Maksim Medvedevlə razılaşmaq mümkün olmasa da, uğursuzluğun 3 amillə bağlı olduğnu deyə bilərik.

Günahkarlardan biri AFFA-dır, biri De Byazidir, biri isə futbolçular.

Bu mənada dəyişiklik olmayacaqsa, Azərbaycan yığmasının miskin obrazı da dəyişməyəcək.

Tural Məmmədov, dikGAZETE.com