BAKI, Azərbaycan

Balaca əllərini üzünə sıxıb, hönkür–hönkür ağlayırdı.

Bəziləri yanından laqeydcə ötüb keçir, bəziləri başını çevirib, ötəri baxırdı. 

Bir Allah bəndəsi ayaq saxlayıb dərdini öyrənmək istəmirdi. 

Tənha idi, kimsəsiz idi bu şəhərdə...

Hara gedəcəyini harada qalacağını, kimə arxalanacağını düşünmədən toyundan qaçıb, xəyallarının şəhərinə qaçmışdı. 

Ona elə gəlirdi ki, Bakı qucaq açıb əzizləyəcək. 

Heç nə düşündüyü kimi deyildi, deyəsən. 

Artıq hava qaralırdı. 

Ayaqlarını sürüyə-sürüyə metronun yaxınlığındakı parka gəldi. 

“El bilir ki, sən mənimsən

Yurdum-yuvam məskənimsən

Anam doğma vətənimsən

Ayrılarmı könül candan

Azərbaycan, Azərbaycan”

Parkın girişində Səməd Vurğunun heykəlini görəndə bu misralar düşdü yadına. 

Dodağı altında sakit səslə pıçıldadı “Anam doğma vətənimsən”?

Vağzalı” səsi hələ də qulaqlarından getmirdi. 

9-cu sinifi bitirəndə atası onu məktəbdən çıxarıb, dostunun oğlu Taleh ilə nişanlamışdı. 

Əslində Taleh ondan 7 yaş böyük olsa da, pis oğlan deyildi. 

Onu gəzməyə aparır, istədiklərini bacardığı qədər həyata keçirməyə çalışırdı. 

Yadına valideyinlərindən xəbərsiz qaçıb, Talehlə görüşdüyü gecələr düşdü. 

Talehi sevdiyini düşünürdü. 

Amma hər şey birdən-birə dəyişdi. 

Rəfiqələrindən biri ona sosial şəbəkələr, internet haqqında danışdı.

Rəfiqəsi deyirdi ki, Bakıda qızlar daha azaddır, istədiklərini geyinir, evə istədikləri zaman gəlir, təhsil alanlar təhsil alır, azad şəkildə sevir, istəsə ailə qurur, istəməsə kiminləsə bir müddət yaşaya bilir.

Rəfiqəsinin Bakı haqqında danışdıqları Bakını qıza daha da çox sevdirirdi. 

Yadına qonşularıın qızı düşdü. 

4 il öncə ali məktəblərdən birinə qəbul olmuşdu.

Hər dəfə rayona qayıdanda bir başqa cür dəyişirdi. 

Sonuncu dəfə öz avtomobili ilə gəlmişdi. 

Qızın anası deyirdi ki, qızı Bakıda yaxşı iş tapıb. 

Günay bütün olanlara baxır, rəfiqəsinin danışdıqlarını dinləyir və öz vəziyyəti ilə müqayisə edirdi. 

Yox onun həyatı belə davam edə bilməzdi. 

O, anası kimi illərlər tarlada, tövlədə işləyə bilməzdi. 

O sakit, rahat həyat istəyirdi. 

Amma bunu Talehə necə başa salaydı. 

Həm Taleh Bakıya getməyə razı olsa belə Günay başa düşürdü ki, Talehlə Bakıda istədiyi azad həyatı yaşaya bilməyəcək. 

Odur ki, uzaqlaşmalıydı. 

Amma necə?

Toy günü gəlini bəzəyib mağara gətirdilər. 

O, yerə atılan şabaşa baxıb düşünürdü ki, bircə yol pulnu düzəldə bilsə elə bu gün qaça bilər. 

Oynaya oynaya başına atılan pullardan bir topasını gəlinliyinin arasında gizlətdi. 

Heç kəs ona baxmırdı. 

Bir azdan gəlini “Vağzalı” sədaları altında otağına qaldırdılar.

Qaynanası, baldızı yaxınlaşıb nəyəsə ehtiyacı olub olmadığını soruşdular. 

Hər şeyin qaydasında olduğunu dedi. 

Qadınlara aşağı düşən kimi baldızının otağına keçib paltarlarından bir dəstini götürdü. 

Gəlinliyi çıxarıb, qızın paltarlarını tələm-tələsik əyninə keçirdi.

Pəncərəni açıb, orada həyətə düşdü. 

Və mağar yerindən uzaqlaşdı.

Arzularına çatmağa çox az qalmışdı.

Bakıya çatanda hava açılırdı. 

Səhər 5-6 olardı. 

Vağzalda düşdü. 

Hara getsin bilmirdi. 

Bir qədər ətrafda gəzinəndən sonra şəhər avtobuslarından birinə əyləşdi, metroda düşdü. 

Oradan insanların dalınca kölgə kimi sürünərək “28 May” stansiyasına gəldi.

“Yox, şəhər mənim düşündüyüm kimi deyilmiş. Nə qədər insan var İlahi, hələ avtomobilləri demirəm. 

Görəsən, hara gedim. İş axtarmağa başlayımmı? 

Görəsən atam nə düşünür? Yazıq Taleh, gərək gəlməzdim”. 

Bütün gün olduğu yerdə var-gəl elədi. 

Bəziləri onu dilənçi bilib, ovcuna qəpik-quruş da basırdı. 

O da bu pulla qarnını doyumuşdu. 

Bircə yatmağa yer də tapsaydı...

Parkdakı skamyaların birinə çökdü. 

Artıq hava qaralırdı. 

Qadınların gülüşü, maşınların səsi, kişilərin şorgöz baxışı altında əriyib məhv olur, çıxış yolu düşünürdü. 

“Bəlkə qayıdım rayona? Yox, öldürərlər məni. Bəs burda nə edəcəyəm? 

Hanı o azad sevgi yaşayıb, istədiyi kimi həyat sürən qızlar?

Hanı o rahatlıq? 

Bakı rahatlıq verirsə, mən niyə narahatam?” 

Birdən bir əl toxundu çiyninə. 

Diksindi. 

Başını qaldıranda, qarşısında ağzı qızıl dişlə dolu, tünd sarı saçları olan bir qadının durduğunu gördü. 

Diqətlə qadına baxırdı. 

Üzünə yaxdığı rənglər dərsinin qırışlarına dolmuşdu. 

Çox iyrənc görünürdü. 

“Görəsən bu kimdi İlahi? Nə istəyir məndən?”

Qadın gülmsünə-gülümsünə “Deyəsən, qalmağa yerin yoxdur. Bu gecə mənim qonağım ola bilərsən. Burada qalma, yaxşı deyil”,- dedi.

Qadının sözündə həqiqət vardı. 

Parkda olduğu müddət ərzində rəfiqəsinin telefonla internetdə ona göstərdiyi qadınları, kişiləri, rəfiqəsinin “yarımçıq” adlandırdığı “gey”ləri, “trans”ları görmüşdü. 

Amma anasının da sözlərini unutmurdu. 

Uşaq olanda anası onu həyətə oynamağa çıxaranda hər zaman tapşırırdı ki, “tanımadığın insanlara qoşulub getmə, tanımadığın insanlardan heç nə alma”.

“Yox, istəmirəm. Sadəcə, yorğunam. Bir azdan rəfiqəm gələcək, onu gözləyirəm”,- deyib, qadını uzaqlaşdırmaq istədi.

Amma qadın qızın yalan danışdığını anında anlamışdı. 

Yanında oturub, onunla söhbət etməyə başladı. 

Günay yenə yalan danışırdı.

Bir qədər söhbət etdikdən sonra qadın nəhayət ki, Gunayı onunla getməyə razı sala bildi.

Bu gün Günayın ilk gecəsi idi. 

Evdən qaçmış, xəyallarının şəhərinə gəlmişdi. 

Aldanmışdı, satılmışdı. 

Onu nəyin gözlədiyindən xəbərsiz idi. 

Qəribə idi parkdan çıxanda da, Səməd Vurğunun misralarını dedi ürəyində: 

Yurdum-yuvam məskənimsən”…

.

İradə Cəlil, dikGAZETE.com

Dikkat!

Yorum yapabilmek için üye girşi yapmanız gerekmektedir. Üye değilseniz hemen üye olun.

Üye Girişi Üye Ol


sanalbasin.com üyesidir