- haberler son dakika

SUMQAYIT, Azərbaycan

Son illərdə çox qəribə bir tendensiya var. 

Azarkeşlər çox sürətlə milli komandalarımızdan uzaqlaşırlar.

Sanki nəticələr, sərgilənən oyun onları əvvəlki qədər narahat etmir, futbolsevərlərdə maraq oyatmır. Amma buna səbəb heç də təkcə ölkənin əsas yığmasının məğlub olması, hətta  özündən zəif  seçmə komandalar qarşısında aciz qalması deyil. 

Əslində, millinin son rəsmi matçlarında prisipcə, qeyri-adi heç nə baş vermədi.

Hər halda, müstəqil futbol tariximizdə öyünə biləcəyimiz İsveçrə qələbəsi, Portuqaliya heç-heçəsi və SerbiyaÇernoqoriyadan alınan dörd xal, Xorvatiyanın Bakıda büdrəməsi, Finlandiya  və Türkiyə üzərində qələbə var. 

Deməli, müstəqillik illərimizdə payımıza ən çox məğlubiyyət düşdüyündən, sonuncu "yığma həftəsi"ndəki uğursuzluqları da həzm etməliyik.

Milli komandaya laqeydliyin əsas səbəbi başqadır.

Milli komandalarımızın “milliləşdirilən” futbolçular və əcnəbi çalışdırıcılar üçün sınaq meydanına çevrilməsi bu acınacaqlı durumu çoxdan qaçılmaz etmişdi. Amma qaçılmaz sonluğu yaradan səbəblər haqda suallar isə hələ də cavabsız qalır. 

Əsas yığmanın düşərgəsinə Polşa "Legia"sını Avropa Liqasının qrup mərhələsinə daşımış əsas sima kimi gələn Mahir Emreli niyə Lüksemburqla matçda ehtiyatda qalmışdı? 

Ölkə çempinatının son mövsümünün ən sərrast oyunçusu kimi Türkiyənin köklü klublarından olan "Bursaspor"a transfer olunan Namiq Ələsgərov niyə millinin əsas üzvü statusunu qazana bilmir?

Yaxud Ukrayna Premyer-Liqasında ötən mövsüm 10 qol vuran Anatoli Nuriyev niyə ehtiyat skamyanın daimi sakininə çevrilir.

Hələ Rüstəm Əhmədzadəni demirəm. 

Qitənin tanınan klublarından "Şaxtyor"a qol vurub komandasının donetsklilərlə 1:1 hesablı heç-heçə etməsində əsas pay sahibi olur, yüksək əhvalda və formada milliyə gəlir, amma onun adı heç oyunun iştirak ərizəsinə də salınmır. 

Bu həmin Rüstəmdir ki, De Byazi onun haqqında Portuqaliya millisi ilə ötən həftə Bakıda baş tutan matçdan öncə "nə vaxt ki, 23 futbolçumuzun hamısı Rüstəm kimi mübariz olacaq, daha az məğlub olacağıq" açıqlamasını vermişdi. 

Amma görünür, millidə oynamaq üçün meydanda özünü yaxşı tərəfdən göstərmək yox, "Sumqayıt"ın futbolçusu olmaq lazımdır.

Nə də olsa, "Sumqayıt"ın menecer kimi fəaliyyət göstərən prezidenti Riad Rəfiyev millinin oyunlarından vitrin kimi istifadə edir.

"Gənclik şəhəri"nin üzvlərinin bir çoxunun milliyə dəvət olunmasının səbəbi də məhz bu amildir. 

Hansı ki, həmin futbolçulardan nəsə gözləmək saman çöpündən yapışmaqdan başqa bir şey deyil.

Ən yaxşı halda bəzi işbazlar pul qazanacaq, vətəndaşlıq verilən futbolçular CV-sinə "yığma futbolçusu" yazdıracaq və qazanılacaq epizodik uğurlarla kimlərsə kreslosunu möhkəmləndirəcək, dövr edəcək milyonların fonunda De Byaziyə  ye, Byazi deyiləcək.

De Byazi demişkən, italiyalı mütəxəssis təxminən 6 il çalışdırdığı Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə daşıması qarşımızda əla fakt kimi dayansa da, həmin komandanın heyətinin İtaliya, Almaniya, Fransa, İsveçrə, Xorvatiya, Yunanıstan, Türkiyə çempionatından çağırılan alban legionerlərdən ibarətb olduğu da danılmazdır.

Bəs bizim bu ölkələrin elitasında bircə təmsilçimiz varmı?

Təbii ki, yoxdur.

Deməli, De Byazinin alban modelini Azərbaycanda təkrarlaya biləcəyinə yönələn ümidlərin də əsası yoxdur. 

Əslində qrup mərhələsinin geridə qalan oyunlarından sonra cəmi bir xal toplamışıq ki, bu da sonda ölməsinə adət etdiyimiz ümidin də vaxtından əvvəl yerini ümidsizliyə verməsinə zəmin yaratdı.

Belə olmasaydı, De Byazi Lüksemburq, İrlandiyaPortuqaliya ilə oyunlardan bir neçə gün öncə “əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz” kimi təslimçi açıqlama verməzdi. 

Yaranmış vəziyyətin fonunda isə AFFA rəhbərliyi pambıq planı kəsirdə qalan keçmiş kalxoz sədrləri kimi durumdan çıxış yolu axtarır. 

Çıxış yolunu isə yenidən əcnəbi oyunçuları milliləşdirməkdə görürlər. 

Odur ki, tezliklə milli komandamızın heyətində “Rubin”in dayaq yarımmüdafiəçisi Leon Musayevi, “Krasnodar”ın vingeri Məhəmməd-Şəfi Süleymanovu, "Ufa"nın hücumçusu Həmid Ağalarovu və s. Azərbaycanla heç bir bağlılığı olmayan futbolçuları görə bilərik. 

Milliləşdirilməsi planlaşdırılılan futbolçulardan bəhs edərəkən ötən yay “Sumqayıt”ın təklifini dəyərləndirərək ölkəmizə gələn, bu ilin martından yığmaya cəlb olunan Əli Qurbanini xatırlamamaq olmur.

Deyəsən, 30 yaşlı forvard özünü Azərbaycan vətəndaşı saymır.

Belə olmasaydı, o “instaqram” səhifəsində özünü izləyicilərinə “İranian professional football player”, yəni “iranlı peşəkar futbolçu” kimi tanıtmazdı. 

Bu fakt bir daha göstərir ki, zorla sevgi olmur.

Əli Azərbaycan Respublikasının vətəndaşlığı ilə təmin olunub ölkənin əsas komandasının formasını geyinsə də, bütün dünyaya iranlı olduğunu göstərməyə çalışır. 

Yadınızdadırsa, bir neçə gün öncə UEFA-nın rəsmi “feysbuk” səhifəsi Azərbaycan - Portuqaliya (0:3) oyunundan video paylaşmışdı. 

Xatırlayırsınızsa, həmin matçın ilk hissəsindəki epizodların birində rəqibin oyunçusu Joau Kanselu bir neçə saniyə ərzində topu iki futbolçumuzun - əvvəlcə Filip Ozobiçin, ardından Təmkin Xəlilzadənin ayaqları arasından keçirmişdi. 

Avropa futbol qurumu videonu "EURO 2020"də rəsmi tərəfdaşı olan "Hisense Sports"un "Günün ən baxımlı driblinqi" qoşması ilə paylaşmışdı.

"Not one, but TWO nutmegs", yəni “Bir yox, iki Hindistan qozu” başlığı ilə yazılan post azərbaycanlı futbolçularda qıcıq yaratmışdı. 

Amma qıcıq yaratmalı məqam tam başqadır. 

Məsələn, 44 günlük Vətən müharibəsində diz çökdürdüyümüz Ermənistanın milli komandasının Dünya çempionatının qrup mərhələsində 11 xalla 2-ci pillədə yer alması. 

Utanma hissini itirmişlər üçün Lüksemburq seçmə komandasının 6,  Farer adalarıMaltanın 4, QazaxıstanAndorranın isə 3 xala sahib olduğunu da əlavə edək. 

P.S. Əsas yığmamızın Portuqaliya ilə oyunda 3 cavabsız qol buraxdığı gün U-21 millimiz səfərdə Avstriyanın Olimpiya millisinə 6:0 hesabı ilə məğlub oldu. Nəticələr göstərir ki, futbolumuzun bugünü "inkişaf edir", gələcəyi də "etibarlı əllərdədir"...

.

Tural Məmmədov, dikGAZETE.com

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
YORUMLARINIZI ESİRGEMEYİN!.. Dikkat! Her türlü yorum, editör onayı gerekmeden anında yayınlanır. Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlâka ve dini değerlere aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk, yorum sahibine ya da içeriği gönderen Üye/Üyeler’e aittir. Talep edildiğinde "IP no" ilgili mercilerle paylaşılır. Kısa yorumlarınızı, sayfa yenilenme süresi dolmadan “yorum gönder” butonuna tıklayıp kaydetmelisiniz; uzun yorumların, farklı sayfada yazılıp, kopyala-yapıştır şeklinde eklenmesi sayfa yenilenmesi halinde oluşan kayıpları önleyecektir.


sanalbasin.com üyesidir