BAKI, Azərbaycan

Ailə quran gənclərin 40-50 faizinin münasibətlərində hələ sevgili və nişanlı olduqları dövrdən problemlər yaranır. 

Problemlər bəzən o səviyyəyə çatır ki, gənclər sırf nişan qayıtmasın deyə ailə qururlar və bir müddət sonra bu ailə dağılır.

Bu fikirləri Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) ölkədə ailələrin vəziyyətinə dair açıqladığı statistikanı şərh edərkən psixoloq Zeynəb Eyyubova deyib.

DSK-nın məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında qeydiyyat şöbələri tərəfindən 15 min 334 nikaha daxil olma qeydə alınıb.

Bu dövrdə 5788 boşanma halı baş verib.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.

Beş aya 6 minə yaxın boşanma kifayət qədər böyük rəqəmdir.

Əvvələr mütəxəssislər hesab edirdilər ki, boşanmalara səbəb əsasən sosial-iqtisadi problemlər, məişət qayğıları, xarakterlərin uyğun gəlməməsidir. 

İndi bu sıraya pandemiya dövrü də daxil edilib.

Psixoloq Zeynəb Eyyubova bildirib ki, son zamanlar ailələr düzgün meyarlar əsasında qurulmur. 

Gənclər hələ sevgili və nişanlı olanda ciddi ixtilaflar yaşayırlar. Sonra da ailə qurmaq xatirinə evlənirlər ki, bu da qısa müddətdən sonra boşanmaya gətirib çıxarır.

Psixoloqun fikrincə, ayrılığa ikinci səbəb kişilərin qadınlarına sahib çıxa bilməməsidir: 

"Söhbət xəyanətdən getmir. Xəyanət onsuz da hər zaman olub. Amma bu gün kişilərimizin əksəriyyəti ailələrilə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər. 

Kənarda rahatlıq axtarır və bu rahatlığın adını sevgi, dostluq və s. qoyurlar. 

Kənarda olan qadının problemlərini özləri həll etmədikləri üçün, evdəki qadın onlara problemli görünür. 

Ona görə də kənardakı qadın onlara rahatlıq gətirir. Bu səbəbdən də qadınlarımız əvvəlki illərlə müqayisədə boşanmağa daha çox meyllidirlər. Xəyanəti bağışlamırlar və ailələr dağılır".

Ekspertin fikrincə, bu gün ailə qurmazdan əvvəl gənclər psixoloqlarla məsləhətləşməlidirlər.

Bəzi insan tipləri var ki, bir-birinə heç uyğun deyil, amma ailə qururlar və bu ittifaq qısa müddətdən sonra dağılır.

Psixoloqun fikrincə, boşanmaların artmasının digər səbəbi isə pandemiya dövrüdür. 

Çünki əvvəllər kişilər evdə çox olmur, məişət problemlərinin içinə bu qədər girmirdilər.

"Pandemiya dövründə kişilər evdə çox olduğu üçün məişət problemləri artdı, qayğılar çoxaldı. Buna paralel olaraq, ailədaxili problemlərin də sayı artdı", - deyə Z. Eyyubova bildirib.

Ekspert hesab edir ki, ailələrin dağılmasının digər səbəbkarı isə valideynlərdir:

On il bundan əvvəlki toy videolarına baxın. Atalar deyirdi ki, "get, səbrli ol, o evə ağ gəlinliklə getmisən, ağ kəfənlə çıx"

İndi isə videoçarxlar hazırlanır, valideyn deyir ki, "sən çağır, atan hazır"

Burada söhbət atanın övladının arxasında durmasından getmir. Sadəcə, bu arxayınlıq qızlara yeni düşdükləri ailəyə adaptasiya olmağa maneəçilik yaradır".

Z.Eyyubova ailədə olan maddi sıxıntıların da ailədaxili problemlərə yol açdığını istina etmir. 

O, bəzi ailələrdə qadınların maddi sıxıntı səbəbindən xəyanət etdiyini də deyib.

27 yaşlı Bakı sakini Aysel Əliyeva boşanma ərəfəsindədir. Boşanma üçün məhkəməyə ərizə ilə müraciət edən qadın bildirib ki, həyat yoldaşı ona xəyanət etdiyi üçün boşanmaq qərarına gəlib:

"Biz sevərək ailə qurmuşduq. Amma bu sevgi cəmi 3,5 il çəkdi. Bir il nişanlı qaldıq, iki il evli. 

Bu müddətdə anladım ki, mən bu insana görə deyiləm. Onun düşüncələri, xarakteri, əyləncələri, zövqü mənim istəklərimlə üst-üstə düşmür. 

Onsuz da bir-birimizə olan marağımız itmişdi. Aprel ayında isə onun başqa biri ilə münasibətdə olduğunu öyrəndim. 

Hərəkətlərinə bir izahat verə bilmədi. Bir neçə gün sonra isə ayrılmaq istədiyimi bildirdim. Razılaşdı. Beləcə bizim münasibətimiz bitdi".

A.Əliyeva deyir ki, ailədə münasibətlər monotonlaşmağa başlayırsa, davam etməyə ehtiyac yoxdur.

Sosial işçi Təranə Məmmədova isə hesab edir ki, son dövrlərdə boşanmaların artmasına səbəb məhz pandemiyadır. 

Onun fikrincə, hər il minlərlə ailə müxtəlif səbəblərdən dağılır. 

Belə böyük artıma səbəb isə son dövrlərin insanlara yaşatdığı mənəvi sıxıntılardır.

"Evdə qalmaq, iş yerlərinin fəaliyyətini dayandırması, maddi sıxıntıların olması insanları psixoloji baxımdan gərginləşdirib. Bu gərginlik isə ailədaxili münasibətlərə təsir edir. Evdə çatışmazlıqlar, tələblər və ehtiyaclar, aqressiya son nəticədə boşanma ilə başa çatır", - deyən Məmmədova insanların əvvəllər də buna bənzər sıxıntılar yaşadığını, lakin müasir texnologiyalar dövrünün insanının dözümsüz olduğunu vurğulayıb.

"Ailənin qorunması üçün həm kişi, həm də qadın çalışmalıdır. Amma internet dövründə tanış olmaq, daha yaxşısını tapa bilmək imkanları geniş olduğundan, insanlar ailəni qorumaq barədə düşünmürlər", - ekspert əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka ve dini değerlere aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk, yorum sahibine ya da içeriği gönderen Üye/Üyeler’e aittir.


sanalbasin.com üyesidir